“Əli Həsənovun qəddarlığının həddi yox idi” – Tanınmış telejurnalistdən tükürpədən təfərrüatlar
Heç yerdə və ən yaxın dostlarımdan başqa heç kimə danışmadığım yaşadıqlarımı yazacam. Sona kimi səbr edib oxuyarsınız, ümid edirəm.
Keçmiş millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin açıqlamasını dinlədim. Açıqlama verərkən kişi kövrəldi. Kövrəldiyi məqam özü ilə bağlı deyildi. Övladı ilə bağlı idi. Bütün ataların və anaların həssas yeri övladlarıdır. Onların xoşbəxt günlərini görüb xoşbəxtliklərini tamamlamaqdır. Övlad toyunda əli, qolu qandallanıb həbsə atılmaq ömür boyu unudulmayacaq bir acı xatirə olaraq qalacaq həm toyu olan gənc cütlüyün, həm də bütün ailənin yaddaşında.
Bunları düşündüm və kişi ilə bərabər mən də kövrəldim.
Bilirəm, deyəcəksiniz ki, haqq edirdilər. Deyəcəksiniz ki, onlar insanları əzəndə, incidəndə, haqlarını tapdalayanda, bizneslərini əllərindən alıb, özlərini də şərləyib həbslərdə çürüdəndə, insanları işsiz qoyanda, ailələri başsız, aşsız, çörəksiz, pulsuz qoyanda əvəzində isə haqsız yerə qazandıqları mal, mülk, var-dövlətlə firavan, zəngin həyat sürəndə, övladlarını xaricdə oxutduranda, bir dediyini iki etməyəndə, arvadlarının, uşaqlarının əlini isti sudan soyuq suya salmasını qoymayanda, yedikləri önlərində, yemədikləri arxalarında, qayğısız, maddi sıxıntılarsız uşaqlarını biznesmen edəndə, vəzifələrə qoyanda, mülklər, villalar və daha nələr nələr edəndə bu günlərini nə üçün düşünməyib qudurğan, azğın, acgöz həyat yaşayıblar?
Nə üçün özləri vəzifədə ikən gözlərinin önündə vəzifədən gedənlərin başına gələnlərdən dərs çıxarıb öz həyatlarını səhmana salmayıblar?
Bəli… haqlısınız! Mən də bunları deyirəm.
Nə üçün elə düşünüblər ki, olduqları yerdə əbədidilər? Nə üçün elə düşünüblər ki, hər zaman güclü olacaqlar? Nə üçün elə düşünüblər ki, bunlar xəstələnə, ölə bilməzlər?
Axı Ramiz müəllim də, kürəkəni də, Əli Həsənov da savadsız və ağılsız deyillər. Hər biri yazı yazanda, sitat gətirəndə tarixi şəxslərdən, dindən, mənəviyyatdan sitatlar gətirirlər. O oxuduqları bəs onlara heç nə verməyib? Oxuduqlarını özləri üçün deyil, bizim üçün oxuyublar? Ancaq bizə desinlər, bizə ağıl versinlər, amma özlərində heç bir dəyişiklik etməsinlər?
Misal çəkdikləri Qurani-Kərimdən onların öyrənə biləcəyi heçmi bir şeylər olmadı? Tarixdə firon haqqında, krallar, imperatorlar, sultanlar haqqında heçmi oxumamışdılar? Ağıllı insanlar dərslərini haradan götürür bəs?
Tarixdən və yaşananlardan. Bilgi sadəcə beyini yükləmək, onu doldurub başqalarına ağıl vermək üçün deyil təkcə. Ondan ilk əvvəl özünə pay götürmək və sonra başqalarına pay vermək üçündür. Əks təqdirdə kitab yüklü eşşək məsəli boş yerə yük daşımış olursunuz.
İndi bütün bu yaşanmışlara rəğmən nə üçün qara günlərinizə pul yığdığınız kimi bu günləriniz üçün sizi birinin müdafiə edə biləcək bir yer qoymadınız?
Necə deyərlər, Sən işini qış tut, yaz çıxarsa, bəxtindi.
Nə üçün güclü olduğunuz zamanlarda mənəviyyatınıza işləmədiniz?
Nə üçün? Bilmirəm, heç siz özünüz də bilmirsiniz. Çünki insanıq. İnsan 3 şeyi üstündə gəzdirə bilmir. Şöhrəti, pulu və silahı (gücü). Siz də daşıya bilmədiniz. Bir çoxu kimi. Kim bilir, Bəlkə biz də vəzifədə olsaydıq, belə olardıq. İnsanlıq halıdır. Yaşanmışlar artıq yaşanıb, olanlar olub, amma nə olubsa, xalqa olub. Hər zaman da elə xalqa olur. Bu gün onlara nə etsələr də, xalqa nəyi geri vermiş olacaqlar? Nəyi geri qaytara biləcəklər? Nə əldə edəcək xalq?
Bütün bunları düşünəndə görürəm ki, bizə sadəcə danışmaq qalır.
Bir də ataların, anaların cəzasını çəkən iki gəncin alt-üst olmuş toyu, yarıda qalmış sevincləri. Görünür, elə ata və babanın nəvəsi olmaq da elə doğuşdan çiyinlərinə qoyulmuş məsuliyyətdir.
Ataların səhvlərinin bədəlini övladlar ödəyir. Ödəməlidirmi? Bəlkə hə, bəlkə də yox, bilmirəm… Bildiyim tək şey odur ki, xalq qəzəblidir və bu qəzəbdən hər kəsə pay düşür. Çünki onlar da dolayısı yolla hadisələrə qoşulur, ya da qoşdurulur. Səfasını sürəndə cəfasına da hazır olmaq lazımdır.
Bu hadisələrdə heç kim o gəncləri düşünmədi. Hər kəs acımasızca yazdı, danışdı…
“Beləmi olmalıydı?”, – deyə düşünürəm. Bəlkə də belə olmalı idi deyə bir məcburiyyət yox idi, amma belə olacağını bu ailə hamımızdan daha yaxşı bilir və saf olub bundan azını gözləməməlidir və ağlamamalıdır. Bizim kimi cəmiyyətdə, yəni, əzilən, qırılan, çarəsizcə Allaha sığınan, ondan yardım istəyən cəmiyyətdə bundan çoxu olmayıbsa, şükür etməlidilər.
Nə etmisinizsə, bilərək etmisiniz və səhvlərinizin arxasında aslanlar kimi dayanmağı bacarmalısınız. Həbs olunsanız da, dərd etməməlisiniz. Çünki kötücələrinizin də rahat həyatını təmin etmiş insanlarsınız. Bir az mərd olun. Etiraf etməyi də bacarın, üzür istəməyi də, həbs olunmağı da qəbul edə bilin.
Fəhlələrdən, kasıblardan, üzdüyünüz, əzdiyiniz insanlardan ayaqda qalmaq dərsi alın. Güclü olmağı öyrənin. Hər kəsin itirdikləri öz çəkisinə uyğundur.
Bəlkə sizin məsələnizdə söhbət milyonlardan gedir, bu pullar sizin üçün böyük zərbədir, amma bizim üçün də 800, 1000 manat böyük dərd ola bilər. Amma istənilən halda təsəlli olsun deyə belə düşünün ki, onsuz da bu pullar bizim deyildi, kasıblar kimi gecə gündüz min bir əziyyətlə qazanmamışdıq o pulu, gedirsə, getsin. Onsuz da hər bir halda o pul sizə də, bizə də qalmayacaq. Ona görə də bükməyin boynunuzu, əzilməyin heç olmasa. Kişilər kimi dik durun və səhvlərinizə görə üzr istəyin və cəzanız nədirsə, gileylənmədən, üzülmədən çəkin. Bu cəza ya içtimai qınaq ya da həbs olsun, fərq etməz. Özünüzü hazırlayın bütün bunlara.
Əli Həsənov kimi, biraz çətinə düşən kimi ürəyinizdə problem yaranmasın.
Bütün bunları niyə yazıram bilirsiniz? Yeri gəldiyi zaman həyatımdan, yaşadıqlarımdan nümunə çəkməyi sevirəm. Bu ağlamaq deyil, qətiyyən. Əksinə, məni güclü edən, ayaq üstə tutan, mübarizə aparmağı öyrədən hadisələrdir. Yaşadıqlarım mənimdir və yaşamalıydım görünür, amma yaşatmasaydılar, bəlkə də heç yaşamağa layiq deyildim.
Heç vaxt geniş publikaya danışmadığım, sadəcə yaxın dostlarımın bildiyi hadisəni danışacağam. Məqsəd hər kəs kimi ümumi və pafoslu yazmaq deyil, öz timsalımda nümunə göstərməkdir ki, siz nə etmisiniz və bu adamlar ayaqda dura bilirsə, siz də dura bilərsiniz.
İşimdən çox təhlükəli və biyabırçı formada çıxarılanda “Xəzər”in prezidenti, hamının “Fetoçu” deyib bəyənmədiyi insanlar mənə dedilər ki, sən iş tapana kimi gizlincə sənə hər ay 1000 manat verəcəyik. Amma bu haqda heç yerdə danışma. Əli Həsənov yoxsa başımıza oyun açar. Çünki Əli Həsənov Hüseyn Dinləməzin ailəsində bir qadın qoymamışdı. Hər birini nalayiq söyüşlərlə söyüb ağsaqqal kişini şirkətə ağlaya-ağlaya göndərmişdi.
Mən onun otağında bir kişi belə iç vuraraq ağladığını gördüm. Öz verilişimlə bərabər mənim nəzarərimdə olan 4 verilişi də günahları olmadan bağlayıb hər bir aparıcısını çıxarmışdılar. Aidiyyatı olmayan ailə sahibi olan insanları da işdən çıxarmışdılar. Hüseyn bəy mənə deyəndə ki, mən səni qoruyub saxlaya bilmədim. Məni bağışla. Mən sadəcə ona bunu dedim: “Problem mənəmsə gedirəm. Susacam da, amma günahsız insanları geri qaytarsınlar. Mənim biraz borclarım var, ipoteka ödənişim var, eybi yox, hansısa formada yaşayaram, amma ailə sahibidirlər və günahları yoxdur. Bəzilərini saxladılar, amma görünən üzləri uzaqlaşdırdılar. İçlərində Qulu Məhərrəmli də var idi. Təbii ki, onu da sevmirdi və mən Əli Həsənova bir imkan yaratmış oldum ki, Qulu Məhərrəmliyə hücum etdi.
Çox çətin günlərdə mən gizlincə qeyri-rəsmi konpensasiyamı alırdım. Amma Əli Həsənovun ora təyin etdiyi İnqilab adlı şəxs altdan-altdan hər informasiyanı toplayıb ötürürdü sahibinə. 2 ay pul aldım, 3 cü ay cibimdə 5 manatım var idi. Ödəmələrimin zamanı idi. Taksi tutdum ki, gedim kartdan pulu çıxaracam və qayıdanda da pulum olacaq.
Gəldim bankomatın qarşısına və taksi də gözləyir ki, pul çıxaracam və ödənişi edəcəm. Kartımı 3 dəfə salıb əməliyyat etdim, amma hesabım boş idi…
Bəlkə bir səhvlik var deyə, mühasibimizə zəng etdim. Mənə dedi ki, Ramal, bizi bağışla, biz sənə pul verə bilmirik, məsələnin üstü açılmaq üzrə idi, tez dayandırdıq. Onlar da mənə xəbərdarlıq etmədən etmişdi bunu. O pul ümid yerim idi axı. Borclar ödənəcəkdi. Mən telefonla danışa-danışa Ramiz Mehdiyevin kürəkəni kimi ağlamışdım. Bunu xatırladım o videoda. Doğrudur, bu iş Əli Həsənovun əsəri idi, amma mən ümumi misal çəkdim ki, sizin kimi insanların düşünmədən qarışqa kimi əzdiyiniz insanların da fərqli qayğıları var. Hər kəsin öz dünyası olur və bu dünyasını yıxanda onlar üçün bunu tikmək asan olmur. Yenə sizdə trilyonluq ehtiyatlar var. Biz isə bir hədiyyə şokolad qutusunu belə götürmürdük ki, adımızı rüşvət alan kimi çəkməsinlər. Quru maaş…
Quru maaşa baxan, hər xərcini hesab-kitab edən insanlar sizin kimi insanlara görə bütün hesab kitabını itirirsə və onlar dik dura bilirsə, siz də durmalısınız.
Təbii ki bu, mənə yaşatdıqlarından bir epizod idi ki, Əli Həsənovun qəddarlığının sərhədsizliyi izah edim. Sona qədər məhv etmək istəyi, əzmi bitmirdi. Siz axı bunları yaşatmısınız.
Arada APA TV ilə vağlı məqamlar da oldu, amma o mənim üçün bir heç idi. O TV də, o TV-nin başı başqa şeylərə qarışmış rəhbəri də mənim üçün bir qırıntı idi. Bu haqda isə danışmayacağam.
Doğrudur, bu anlarımda mənim dostlarım mənim əlimi buraxmadı. İcazə vermədilər ki, əzilim, sınım. Bəlkə adının çəkilməsindən xoşu gəlməz, amma madam ki, yaşadığım pis hadisələri yazıramsa bu hadisələrin içində mənim əlimi buraxmayan Tənzilə Rüstəmxanlının adını çəkəcəm.
Heç məni buraxmadı. Tək qoymadı, Depressiyada olduğumu bildiyi üçün hər gün yanında oturtdu, iş tapşırdı, boş buraxmadı. Əlimi buraxmadı. “Mən ölməmişəm” dedi. “Sənə boş yerə oğlum” deməmişəm. Nə olsa da bir ananın övladının arxasında durduğu kimi mən varam yanında. Və o sadəcə mənə etmir bunu, ağlınıza gələ biləcək və gələ bilməyəcək qədər insanlara, tələbələrə öz imkanlarından hər ay ərzaq, maliyyə yardımı verirlər. Onun da imkanları sonsuz deyil təbii, sadəcə paylaşmağı bilir, yardımlaşmağı bilir.
Ondan boş yerə pul almayacağımı bildiyi üçün İnterpress.az saytına məni rəhbər təyin etdi, o sayt ona lazım deyildi, heç mənim də orda işləməyim onlara lazım deyildi, amma çətin vəziyyətdə qalmayım deyə maaşımı öz cibindən ödədi və dəstək oldu.
Bu hələ sizin qəzəbinizı gələn bir nəfərin yüngül əziyyətləridir. İndi görün daha böyük və imkanlı insanlara necə zərbələr vurmusunuz.
Tənzilə xanımın adını ona görə misal gətirdim ki, görsünlər ki, demək ki, yaxşılıq etmək də mümkündür. Amma siz pisliyi seçirsinizsə, deməli, bu gün yaşadıqlarınıza siz də uşaqlarınız da hazır olmalıydınız.