“Qarabağda vəziyyət qarışa, müharibə alovlana bilər” – Əfşar Süleymani
İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymaninin Yenisabah.az-a müsahibəsi:
– Əfşar bəy, Livanda yaşayan erməni ailərinin Dağlıq Qarabağa köçürülməsi haqqında danışarkən “bu işin görünən tərəfidir” demisiz. Bəs məsələnin görünməyən tərəfi nədir?
-Ümumiyyətlə, siyasətdə və diplomatiyada atılan publik addımlar adətən məsələnin görünən tərəfi olur. Böhranlı vəziyyətlərdə isə daha qapalı siyasət yürüdülür.
Konkret olaraq Ermənistanın Livanda yaşayan erməni ailələrinin Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara yerləşdirməsinə gəlincə, fikrimcə, İrəvanın bölgədə möhkəmlənməsinə xidmət edir. Digər tərəfdən, Ermənistan daima münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bəyan edir. Lakin atdiğı addımlar göstərir ki, bu belə deyil. Artıq 30 ildir ki, Ermənistan “sülh” deyə-deyə Azərbaycanın ərazilərini işğalda saxlayır. Diqqət edin, bu ölkənin Baş naziri qondarma Dağlıq Respublikasına səfərlər edir, onun “prezidentinə” təbrik ünvanlayır, ərazilərin adlarını dəyişir və s. İndisə Azərbaycanın ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparır. Bütün bunlar göstərir ki, Ermənistan sülh məsələsində səmimi deyil.
Rusiyanın dəstəyinə arxalanan Ermənistan düşünür ki, bu yolla Azərbaycana təzyiq etməklə öz maraqlarını gerçəkləşdirə bilər. Ətraf rayonlar da onun əlində sadəcə təzyiq vasitəsidir. Bütün səylər Dağlıq Qarabağı əldən verməməyə yönəlib. PKK qüvvələrinin də Dağlıq Qarabağda yerləşdirilməsi Türkiyənin bu məsələdə mövqeyinə təsir etmək məqsədi daşıyır.
– Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti Dağlıq Qarabağda müharibənin alovlanmasına səbəb ola bilərmi?
– Təbii ki, ermənilər bütün imkanlarından istifadə edərək işğalçılıq siyasətini davam etdirirlər. Bu isə Azərbaycanı lazımi reaksiya vermək məcburiyyətində qoya bilər. Bu halda əlbəttə ki, orada vəziyyət qarışa, müharibə alovlana bilər. Hesab edirəm ki, bu halda böyük güclər də məsələyə müdaxilə edə bilərlər. Xüsusilə, Rusiya. Böyük güclər, o cümlədən Rusiya münaqişənin həllində maraqlı görünmür. Bu münaqişə onlar üçün sadəcə təzyiq vasitəsidir. ATƏT-in Minsk qrupu da bundan ötrü yaradılıb. Yəni, problemi dondurulmuş vəziyyətdə saxlmaq. Çünki Rusiyanın da, digər güclərin də öz maraqları var. Onlar bu münaqişədən öz maraqları üçün yararlanırlar.
– Bu məsələyə beynəlxalq aləmin laqeyd yanaşmasını nə ilə izah edərdiniz?
– Baxın, BMT-nin 4 qətnaməsi var, amma icra olunmur. Heç bir dövlət də səsini çıxarmır. Çünki beynəlxalq qurumlar da böyük güclərin təsir dairəsindədir və beynəlxalq rəyi böyük güclər müəyyən edir. Əgər onların mənafeləri təmin olunursa, o zaman hansısa addımlar atılır, əks halda susmağa üstünlük verilir.
ABŞ, Rusiya, Fransa kimi böyük dövlətlər lazım olanda beynəlxalq qurumları nəzərə almadan addımlar atırlar. Çünki gücdürlər. Yəni, Azərbaycan da reallıqları nəzərə almalı siyasətini buna uyğun qurmalı və ərazi bütövlüyünün təmin olunması istiqamətində addımlarını davam etdirməlidir.
– İraq və Suriyadan PKK qüvvələrinin Dağlıq Qarabağa yerləşdirildiyi barədə xəbərlər gəlir. Türkiyə bunu əsas gətirərək bölgədə antiterror əməliyyatlarına başlaya bilərmi?
– Əlbəttə ki, terror varsa ona qarşı mübarizə aparılmalıdır. Bu dövlətlərin borcudur. Digər tərəfdən, terrorçu qruplar konkret olaraq hansısa ölkənin maraqlarını təhdid edirsə, həmin dövlətin haqqıdır ki, buna qarşı mübarizə aparsın. Türkiyənin də buna haqqı çatır. Çünki PKK terrorçu təşkilat kimi tanınır.
– Sizcə, Azərbaycan indiki situasiyada hansı addımları atmalıdır?
– Azərbaycanın balans siyasəti yürütməsi yaxşı haldır. Tərəf, yaxud heç kimdən asılı olmamaq bir dövlət üçün əlbəttə yaxşıdır. Hesab edirəm ki, Azərbaycan bu siyasəti davam etdirməli, dövlətlərlə münasibətlərinə milli maraqlar kontekstində yanaşmalı, əsas hədəf ölkənin maraqlarının, ərazi bütövlüyünün, sevrenliyinin qorunması olmalıdır. Hansı dövlət bu məsələdə Azərbaycanla həmrəydirsə, yəni, onun ərazi bütövülüyünü, suverenliyinin təhdid etmirsə, əksinə, bu məsələlərdə ona dəstək nümayiş etdirirsə həmin ölkələrlə də sıx münasibətlə qurulmalıdır.