KİV: Türkiyə-Aİ münasibətlərinin gələcəyinə dair qərar yaza qədər təxirə salınıb
Türkiyənin Avropaya inteqrasiyasının perspektivlərinə dair qərar Avropa İttifaqının (Aİ) gələn ilin martında keçiriləcək sammitinə qədər təxirə salınıb. Bu barədə “Milliyet” qəzeti Brüsseldəki mənbələrə istinadla xəbər verib.
Polise.az xəbər verir ki, məlumata görə, Aİ ölkələrinin liderləri Avropa Komissiyasının noyabrın sonunda Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell tərəfindən açıqlanan Türkiyə haqqında hesabatını müsbət qiymətləndiriblər. Həmin sənədə gələn il martın 21-22-də Birliyin sammitində baxılması təklif edilib. Gözlənilir ki, Aİ-nin təlimatı ilə Türkiyə ilə Birlik ölkələri arasında siyasi, iqtisadi və ticari münasibətlərin vəziyyəti haqqında hazırlanan hesabat gələn ilin iyununda ən yüksək səviyyədə keçiriləcək görüşdə təsdiq ediləcək.
Aİ-nin dekabrın 14-də keçirilən sammitində Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyü haqqında 2024-cü ilin martında başlanması nəzərdə tutulan danışıqlar barədə qərar qəbul edilib. Zirvə görüşündə, həmçinin Gürcüstanın Birliyə üzvlüyü ilə bağlı bu ölkəyə namizəd statusunun verildiyi elan edilib və növbəti ilin mart ayında Bosniya və Herseqovinanın da Aİ-yə daxil olması üzrə məsələyə baxılacağı vəd olunub.
Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı Ankara ilə Brüssel arasında danışıqlar 2005-ci ildə başlayıb. İndiyədək sözügedən danışıqlar dosyesində 35 maddədən 16-sı həllini tapmayıb. Tərəflər arasında danışıqlarda əsas maneələrdən biri Kipr problemidir.
Polise.az