Abel Məhərrəmovun da YAP rəhbərliyindən istefası gözlənilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqal deputat Siyavuş Novruzovu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini vəzifəsindən istefa verməyə məcbur etdi. Həmin toyda iştirak edən və məsələ barədə açıqlamaları ilə qalmaqalın daha da böyüməsinə səbəb olan deputat bu barədə YAP-ın sədri Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Yeni Sabah”a istinadən bildirir ki, Siyavuş Novruzovun bu qərarı könüllü verdiyi inandırıcı görünmür. O YAP yaranandan bu partiyadadır və son illər özünü təşkilatın əsas söz sahiblərindən biri kimi aparırdı. Bu baxımdan, düşünmək olar ki, Siyavuş Novruzovu istefa verməyə məcbur ediblər. 

Görünür, YAP-ın rəhbərliyi Siyavuş Novruzovun qanunu pozmasını və “iştirak eləmişəm düz eləmişəm” açıqlamasından bərk hiddətlənib. Hətta deputatın “Ramiz Mehdiyev biz aldatdı” bəyanatı da onu xilas edə bilməyib. Güman ki, Siyavuş Novruzov partiyanın digər üst qurumlarından – İdarə Heyəti və Siyasi Şuradan da çıxarılacaq.

Ramiz Mehdiyevin nəvəsinin toyundan iştirak edənlərdən biri də Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovdur. O, həm də YAP-ın İdarə Heyətinin üzvüdür. Ehtimal olunur ki, Abel Məhərrəmov da oxşar addım atmağa məcbur olacaq. Hər halda Siyavuş Novruzovu partiyanın yuxarı pilləsində görmək istəməyənlərin Abel Məhərrəmova da eyni münasibəti göstərəcəyini düşünmək olar. 

Onu da nəzərə almaq lazımdır ki, Abel Məhərrəmovun toyda dediyi sağlıq sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, keçmiş rektorun ölkədəki bütün uğurları Ramiz Mehdiyevin aktivinə yazması diqqətdən qaçmayıb. Abel Məhərrəmovun bu yanaşmasına siyasi rəng qatanlar bu fikirlərin onun üçün başağrısına çevriləcəyini düşünürlər.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button