ABŞ Avropadan çəkilir – NATO-da yeni mərhələ başlayır

ABŞ-ın NATO-dakı yüksək vəzifəli generallarından Aleksus Qrinkeviç Avropa təhlükəsizlik arxitekturası ilə bağlı sarsıdıcı açıqlama verib.

Musavat.com xəbər verir ki, generalın sözlərinə görə, qitənin müdafiəsi üçün hazırkı qədər amerikalı hərbçiyə ehtiyac yoxdur və kontingentin azaldılması Avropanın təhlükəsizliyinə ciddi təsir göstərməyəcək.

Qrinkeviç bildirib ki, Avropa “az sayda ABŞ hərbçisi ilə də gözəl şəkildə ötüşə bilər”.

Bu bəyanat Tramp administrasiyasının yeni müdafiə strategiyası fonunda səslənib. Strategiyaya əsasən, ABŞ ordusunun bir hissəsi Avropadan çıxarılaraq Hind-Sakit okeanı regionuna yönləndiriləcək. Artıq proses başlayıb: bir ay əvvəl ABŞ Rumıniyadan 800 hərbçini çıxarıb. Bu addım Vaşinqtonun Avropa təhlükəsizliyi prioritetini yenidən qiymətləndirdiyi barədə siqnal kimi qəbul olunur.

Son aylarda NATO daxilində gərginlik artır. Tramp kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə açıq şəkildə soyuq mövqedən yanaşır, Rusiya Polşaya hücum edərsə ABŞ-ın reaksiyası barədə tərəddüdlərini gizlətmir. Alyans üzvlərinə müdafiə xərclərini yüksəltmək üçün ciddi təzyiq göstərilir. Daha bir diqqətçəkən detal isə ABŞ dövlət katibi Marko Rubionun uzun fasilədən sonra keçirilən NATO xarici işlər nazirlərinin toplantısında iştirak etməməsidir ki, bu da Avropada narahatlığı daha da artırıb.

Avropa kəşfiyyat strukturlarının qiymətləndirmələrinə görə, Rusiya bu onillikdə NATO ölkələrindən birinə hərbi zərbə endirməyə cəhd göstərə bilər. Prezident Vladimir Putinin son bəyanatlarında “Avropa ilə müharibə ssenarisinə hazırıq” mesajı verməsi riskləri daha da gücləndirir.

Belə şəraitdə ABŞ hərbi kontingentinin Avropadan çıxması qitənin təhlükəsizlik balansını dəyişə, NATO-nun kollektiv müdafiə mexanizmini zəiflədə bilər. Mütəxəssislər hesab edir ki, qarşıdakı illər alyans üçün ən kritik dövrlərdən biri ola bilər.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button