ABŞ-dan Zelenskiyə SƏRT TƏLƏB

ABŞ Ukrayna prezidenti Volodimir Zelenskiyə təzyiqləri artıraraq, ondan ABŞ Prezidenti Donald Trampın sülh planı çərçivəsində ərazi və digər güzəştlərə tez bir zamanda razılıq verməyi tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Kiyev və Vaşinqton arasında aparılan danışıqlar iki əsas mövzu üzərində cəmlənib: Moskvanın nəzarətində olmayan ərazilər də daxil olmaqla bütün Donbasın Rusiyaya verilməsi tələbi və Ukraynanın ABŞ-dan ciddi təhlükəsizlik zəmanətləri istəyi.
Ukraynalı rəsmilər bildiriblər ki, Vaşinqtonun mövqeyi ABŞ liderinin müşavirləri Stiv Uitkoff və Cared Kuşnerin Kremldə Vladimir Putinlə 5 saatlıq görüşündən sonra daha da sərtləşib.
Mənbələrin sözlərinə görə, bundan sonra baş tutan iki saatlıq telefon danışığında Kuşner və Uitkoff Zelenskidən açıq və birmənalı “bəli” cavabı almağa çalışıblar. Onlar Kiyevi inandırmağa çalışıblar ki, Rusiya Donbası tam şəkildə ələ keçirməyə hazırlaşır.
Ukrayna tərəfi həmçinin qeyd edib ki, yenilənmiş Amerika təklifi danışıqlardan cəmi bir saat əvvəl qismən təqdim olunub. Halbuki Vaşinqton sənədlərin bir gün əvvəl ötürüldüyünü iddia edir.
“Axios”un məlumatına görə, yeni şərtlər arasında ərazilərlə bağlı daha sərt tələblər, həmçinin Zaporojye AES üzərində nəzarət məsələsi yer alıb. Bununla yanaşı, təhlükəsizlik zəmanətləri ilə bağlı konkret cavab təqdim olunmayıb.
Ukraynalı məmurlar vurğulayırlar ki, ABŞ Zelenskidən əsas suallar detallı şəkildə razılaşdırılmadan razılıq gözləyir. Qoşunları kimin geri çəkməli olduğu, Rusiyanın mümkün yeni hücumlarının necə qarşısının alınacağı və hansı nəzarət mexanizmlərinin tətbiq ediləcəyi hələ də açıq qalır.
Polise.az



