ABŞ dövlət katibinin köməkçisi: “Rusiya Qarabağda münaqişəni saxlamaq istəyir…” –
ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kent Rusiyanın Dağlıq Qarabağda münaqişəni nizamlamağa yox, saxlamağa can atdığını bəyan edib. TASS-a istinadən xəbər verilir ki, diplomat bu haqda “Türk irsi” adlı Amerika qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmiş internet-seminarda çıxışı zamanı bildirib.
“Mən Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının, təxmin edildiyi kimi, Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalacağı ilə bağlı narazılığının artacağını gözləyirəm”,-Corc Kent deyib.
Amerikalı diplomat Gürcüstan xarici işlər nazirinin müavinlərindən birinin Qarabağa Rusiya qüvvələrinin yeridilməsi ilə bağlı dediklərindən sitat gətirib. “Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri deyib: “Bu həmin situasiyadır ki, Gürcüstan 1998-ci ildə üzləşmişdi. Daha sonra Azərbaycan Gürücstanın 2008-ci ildə üzləşdiyi situasiya ilə üzləşək. Sonra isə o, Gürcüstanın indi yaşadığı situasiyada olacaq””,-Corc Kent bildirib.
Diplomat qeyd edib ki, pessimist, amma realist olan dəyərləndirmələrə görə Rusiya Qarabağdakı münaqişədən öz mənfəəti üçün istifadə etməyə çalışır. Problemin həqiqətən nizamlanmasında maraqlı deyil və Ermənistanla Azərbaycanın irəli getməsinə imkan vermək istəmir.
Corc Kentin sözlərinə görə, Dağlıq Qarabağdakı münaqişəyə iki ölkəyə yekun sülh razılaşması əldə etməyə imkan verəcək şəkildə yanaşma çağırış kimi qarşıda dayanır. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması perspektivləri haqda suala cavab olaraq isə diplomat belə deyib: “Ola bilsin bu ay da deyil, bu il ərzində də deyil…”