ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını açıqlayıb
ABŞ Dövlət Departamenti “Gürcü Arzusu”nun Aİ-yə üzvlük prosesini dayandırması, həmçinin Gürcüstanla Strateji Tərəfdaşlığa son verilməsi ilə bağlı bəyanat yayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda hakim partiyanın qərarının Gürcüstan xalqına vəd verdiyi və ölkə konstitusiyasında da əks olunmuş Aİ və NATO-ya inteqrasiya prinsipinə zidd olduğu qeyd edilib.
Vurğulanıb ki, “Gürcü Arzusu” Gürcüstanın Aİ-yə üzvlük prosesini dayandırmaqla Avropa ilə daha sıx əlaqələr imkanını rədd edib və Gürcüstanı Kreml qarşısında daha həssas edib.
“Gürcüstan xalqının böyük əksəriyyəti Avropaya inteqrasiyanı dəstəkləyir. Birləşmiş Ştatlar sərbəst toplaşmaq və ifadə azadlığından, o cümlədən dinc etiraz etmək azadlığından istifadə etmək istəyən gürcülərə qarşı polisin həddindən artıq güc tətbiqini pisləyir. Biz bütün tərəfləri etirazların dinc qalmasını təmin etməyə çağırırıq”, – bəyanatda qeyd edilib.
Əlavə olunub ki, ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əsasını demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqları və fundamental azadlıqlara hörmət, korrupsiyaya qarşı səylər kimi ortaq dəyərlər və öhdəliklər təşkil edib, lakin “Gürcü Arzusu”nun “müxtəlif antidemokratik hərəkətləri” bu prinsipləri pozub, nəticədə ABŞ bu mexanizmi dayandırıb:
“Biz Gürcüstan hökumətinə öz Avro-Atlantik yoluna qayıtmağa, parlament seçkilərindəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa, sərbəst toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran anti-demokratik qanunları ləğv etməyə çağırışımızı bir daha təkrar edirik”.