ABŞ hakimiyyəti Rusiyaya qarşı hansı gizli əməliyyatlara hazırlaşır…
ABŞ hakimiyyəti Birləşmiş Ştatların hökumət təsisatlarına və korporasiyalarına qarşı 2020-ci ilin sonlarında həyata keçirilmiş irimiqyaslı kiberhücuma cavab olaraq Rusiya şəbəkələrində seriya gizli əməliyyatlar həyata keçirməyi planlaşdırır. Bu haqda “The New York Times” yazıb.
Qəzet bu gizli əməliyyatların nədən ibarət olacağı haqda heç nə yazmır, ancaq iddia edir ki, əməliyyatların nəticəsi ancaq Rusiya prezidenti Vladimir Putinə, kəşfiyyat xidmətlərinə və Rusiya Silahlı Qüvvələrinə məlum olacaq. Dünyanın qalan hissəsi bundan xəbər tutmayacaq. Bu istiqamətdə ilk iri addım növbəti üç həftə ərzində planlaşdırılır.
Qəzetə məlumat verən mənbələr bildiriblər ki, həmin hərəkətlər Rusiyaya qarşı yeni iqtisadi sanksiyalarla eyni vaxtda baş verəcək.
Birləşmiş Ştatların kiberhücumlara qarşı təkcə sanksiyalarla cavab verməyəcəyini prezident Cozef Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan hələ fevralın sonlarında demişdi. Onun sözlərinə görə, ABŞ-ın cavabı “görünən və görünməyən” alətlərin seçimindən ibarət olacaq.
Bu arada Birləşmiş Ştatların təsisatlarına növbəti iri kiberhücum ötən həftənin sonlarında qeydə alınıb. 30 mindən çox əməliyyat sisteminin ziyan çəkdiyi bildirilir, onlar əsasən Microsoft əməliyyat sistemindən istifadə edən dövlət təsisatları və müəssisələridir.