“ABŞ-ın Avropadakı hərbi mövcudluğu azalır, yoxsa güclənir?” – NATO baş katibi

“Avropada həm adi hərbi qüvvələr, həm də ABŞ-ın “nüvə çətiri” qitənin təhlükəsizliyinin təminatçısı olacaq…”
NATO-nun baş katibi Mark Rütte Vilnüsdə keçirilən NATO-nun şərq və şimal cinahları dövlətlərinin sammitində ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı mühüm açıqlamalar verib.
Moderator.az xəbər verir ki, bu barədə “glavred.info” nəşri məlumat yayıb.
NATO baş katibi bəyan edib ki, ABŞ NATO-ya sadiqdir və uzunmüddətli perspektivdə Avropadakı hərbi iştirakını azaldan deyil, əksinə gücləndirən tərəf olacaq.
Rütte son aylarda Avropa müttəfiqlərindən iki əsas sual eşitdiyini bildirib. Birincisi, ABŞ hələ də NATO-ya sadiq qalırmı? Onun cavabı birmənalıdır: “Bəli. Həm NATO-ya, həm də onun 5-ci maddəsinə sadiqdir. Prezident Donald Tramp bunu bir neçə görüşdə açıq şəkildə təkrarlayıb”.
Rüttenin fikrincə, Avropa ölkələrinin üzərinə düşən əsas vəzifə müdafiə xərclərini artırmaqdır. ABŞ-ın gözləntisi də məhz bundan ibarətdir: Avropa öz müdafiəsinə daha çox vəsait ayırmalı, məsuliyyəti ABŞ-la bərabər bölüşməlidir.
İkinci sual isə belədir: ABŞ Avropadan öz qoşunlarını çıxara bilərmi? Rüttənin cavabı qəti şəkildə “xeyr”dir. O, bildirir ki, belə bir niyyətin olduğuna dair heç bir əlamət yoxdur. ABŞ-ın həm Avropa, həm də Yaxın Şərq və Hind-Sakit okean bölgəsində maraqları var.
Buna baxmayaraq, uzunmüddətli baxışda Rütte əmindir: Avropada həm adi hərbi qüvvələr, həm də ABŞ-ın “nüvə çətiri” mövcud olacaq və bu da qitənin təhlükəsizliyinin təminatçısı olacaq.
Polşa prezidentindən Trampa istinad
Polşa prezidenti Andjey Duda da bu fikirləri dəstəkləyib. O, bildirib ki, son 6-7 ay ərzində ABŞ prezidenti Donald Tramp və onun müdafiə naziri Pit Heqsetlə bir neçə dəfə görüşüb. Duda vurğulayıb ki, bu danışıqlar zamanı ABŞ ordusunun Polşadan və ümumiyyətlə, Şərqi Avropadan çıxarılmasına dair heç bir plan və ya niyyət ifadə olunmayıb.
Ukrayna və regional təhlükəsizlik
Sammit çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski də çıxış edib. O, Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi “Hörümçək Toru” adlı xüsusi əməliyyatdan danışaraq onlarla Rusiya təyyarəsinin sıradan çıxarıldığını bildirib.
Zelenskinin sözlərinə görə, bu cür uğurlar Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək. O, əlavə edib ki, Ukraynanın mübarizəsi yalnız öz azadlığı üçün deyil, bütün Avropanın təhlükəsizliyi naminə aparılır.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button