ABŞ-İran müharibəsinin qiyməti: Vaşinqton milyardları nəyə xərcləyir?

ABŞ-ın İranla müharibəyə xərclədiyi vəsait sürətlə artır və artıq milyardlarla dolları keçib. Müxtəlif analitik mərkəzlərin hesablamalarına görə, müharibənin ilk günlərindən etibarən xərclər rekord səviyyəyə çatıb və bu qarşıdurma XXI əsrin ən bahalı hərbi əməliyyatlarından birinə çevrilə bilər.

Polise.az Musavat.com -a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin ilkin hesablamalarına görə, müharibənin ilk günlərində xərclər sürətlə artaraq milyardlarla dollara çatıb. İlkin məlumatlara əsasən, müharibənin ilk həftəsində ABŞ təxminən 10–11 milyard dollar civarında vəsait xərcləyib. Bu məbləğin böyük hissəsi yüksək dəqiqlikli raketlərin, bombardman sursatlarının və digər bahalı hərbi texnologiyaların istifadəsinə sərf olunub.

Analitik mərkəzlərin hesablamalarına görə, müharibənin ilk 100 saatı ərzində ABŞ üçün xərclər təxminən 3–4 milyard dollar təşkil edib. Bu isə o deməkdir ki, Vaşinqton gündə təxminən 800 milyon – 1 milyard dollar civarında vəsait sərf edir. Müasir müharibələrdə istifadə olunan silahların son dərəcə bahalı olması xərclərin bu qədər sürətlə artmasının əsas səbəblərindən biri sayılır.

Ekspertlərin fikrincə, ABŞ-ın əsas xərcləri bir neçə istiqamət üzrə formalaşır. Bunlara yüksək dəqiqlikli raket və bombaların istifadəsi, döyüş təyyarələrinin uçuş əməliyyatları, təyyarədaşıyan gəmilərin və hərbi donanmanın fəaliyyətinin maliyyələşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin işlədilməsi və regiona əlavə hərbi texnika göndərilməsi daxildir.

Bununla yanaşı, hərbi əməliyyatların maliyyə yükü yalnız birbaşa döyüş xərcləri ilə məhdudlaşmır. ABŞ ordusunun istifadə etdiyi sursat ehtiyatlarının yenilənməsi, hərbi texnikanın təmiri və bərpası, yaralanan hərbçilərin müalicəsi və logistika xərcləri də ümumi məbləği ciddi şəkildə artırır.

Hərbi iqtisadçılar hesab edirlər ki, müharibə uzun müddət davam edərsə, ABŞ üçün ümumi xərclər çox qısa müddətdə on milyardlarla dollara çata bilər. Bəzi proqnozlara görə, qarşıdurma uzanacağı halda Vaşinqtonun hərbi xərcləri 50–100 milyard dollar səviyyəsinə qədər yüksələ bilər.

Analitiklərin fikrincə, yüksək texnologiyalı silahların geniş istifadə edilməsi səbəbindən ABŞ-İran qarşıdurması artıq dünyanın ən bahalı müasir müharibələrindən birinə çevrilmək üzrədir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button