ABŞ molla rejimini şah rejimi ilə əvəzləmək istəyir…

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yanvarın 13-də Floridada yerləşən Mar-a-Lago iqamətgahında İran şahının oğlu, mühacirətdə olan müxalif siyasətçi Rza Pəhləvi ilə görüşəcək. Bu barədə jurnalist Yuliya Yuzik məlumat yayıb. Xəbər İranda baş verən kütləvi etirazlar fonunda həm ölkə daxilində, həm də regionda böyük maraq və heyrətlə qarşılanıb.
Məlumata görə, Rza Pəhləvi hazırda ABŞ-da yaşayır və İran mühacir müxalifətini birləşdirən əsas platformalardan biri hesab olunan Milli İran Şurasına (National Council of Iran) rəhbərlik edir. O, uzun illərdir İran İslam Respublikası rejimini tənqid edir, ölkədə mərhələli şəkildə dünyəvi və demokratik idarəetməyə keçidi dəstəklədiyini açıq şəkildə bəyan edir. Rza Pəhləvinin atası – İran şahı Məhəmməd Rza Pəhləvi 1979-cu il İslam İnqilabı nəticəsində hakimiyyətdən devrilmişdi.
Trampın Rza Pəhləvini qəbul edəcəyi ilə bağlı məlumat İranda baş verən xalq etirazları fonunda xüsusi siyasi məna daşıyır. Son günlər İran şahının oğlu fəallığını xeyli artıraraq ard-arda bəyanatlar verir, ölkədə gedən prosesləri sanki özünün rəhbərlik etdiyi siyasi transformasiya kimi təqdim etməyə çalışır. Bu isə baş verənlərin spontan yox, müəyyən siyasi ssenari çərçivəsində inkişaf etdiyi barədə müzakirələri gücləndirir.

Musavat.com -a görə, Rza Pəhləvi variantı ABŞ və İsrailin İranla bağlı strateji baxışlarında əsas alternativlərdən biri kimi nəzərdən keçirilir. Vaşinqtonun yanaşması ondan ibarətdir ki, İranda rejim dəyişməlidir, lakin ölkənin parçalanması və etnik əsasda bölünməsi arzuolunan deyil. Bu baxımdan ABŞ İranı bir arada saxlaya biləcək siyasi fiqur axtarışında etnik liderlərə deyil, bir vaxtlar mərkəzləşdirilmiş dövlət modeli yaratmış Pəhləvi sülaləsinin varisi üzərində dayanır.
Lakin bu ssenari xüsusilə Güney Azərbaycanda ciddi narazılıqla qarşılanır. Tarixi yaddaşda Pəhləvi rejimi Azərbaycan türklərinə qarşı repressiv siyasət, ana dilinin sıxışdırılması, milli kimliyin inkarı və zorakılıqla xatırlanır.
Bu səbəbdən Güney Azərbaycan cəmiyyətində Pəhləvilərin yenidən hakimiyyətə qayıtması ideyası geniş dəstək tapmır. Məhz bu faktor İranda baş verən etirazlarda azərbaycanlıların iştirakının nisbətən fraqmentar və ehtiyatlı xarakter daşımasının əsas səbəblərindən biri kimi göstərilir.

Bununla belə, ABŞ prezidenti Donald Trampın Rza Pəhləvi ilə açıq siyasi təmas qurması yanvarın 13-dən etibarən İran və region üçün yeni mərhələnin başlaya biləcəyinə işarə edir. Musavat.com yazarına görə, bu görüş İranda rejim dəyişikliyi ehtimalını daha da aktuallaşdırır və bu proses fonunda ciddi eskalasiyalar, daxili qarşıdurmalar və təhlükəli ssenarilər qaçılmaz ola bilər.
Musavat.com-un təhlilinə görə, Rza Pəhləvi və bütövlükdə Pəhləvi sülaləsi hazırkı mərhələdə İran cəmiyyətindən qopuq vəziyyətdədir və ölkə daxilində geniş kütləni toparlamaq imkanları məhduddur. Bu isə rejim dəyişikliyi cəhdlərinin İranı daha dərin böhranlara, hətta parçalanma riskinə sürükləyə biləcəyini göstərir.
Polise.az



