ABŞ-nin İrandakı əsas hədəfi kimdir? İLGİNC DETALLAR

İran siyasi elitasında sərt xətt tərəfdarlarının ön sıralarında yer alan Məhəmməd Baqer Qalibaf son günlərdə xüsusilə diqqət mərkəzinə gəlib. İslamabad danışıqlarında İranı təmsil edənlər sırasında parlamentin sədri Qalibaf ən sərt, barışmaz mövqeyi ilə fərqlənib. İran hakimiyyətində radikal qanadın təmsilçilərindən olan, mövqeləri SEPAH və digər hərbi strukturların sərt mövqeyi ilə eyni olan Məhəmməd Baqer Qalibaf danışıqlardan sonra da ABŞ-yə və İsrailə qarşı kəskin bəyanatlarını davam etdirir. Bu gün o, ABŞ prezidenti Donald Trampın İrana qarşı dəniz blokadası təhdidini lağa qoyub.
Qalibaf “X” hesabında bildirib ki, bu cür addımlar sonda insanların 4–5 dollarlıq benzin qiymətlərini arzulamasına gətirib çıxaracaq. O, Trampın təhdidlərini rədd edib və belə tədbirlərin əks nəticə verəcəyini vurğulayıb.

Məhəmməd Baqer Qalibaf amerikalılara xatırladıb:
“Hazırkı qiymətlərdən həzz alın. “Mühasirə” deyilən vəziyyətlə tezliklə 4–5 dollarlıq benzinin həsrətini çəkəcəksiniz”.
Qeyd edək ki, 38 günlük müharibədə ABŞ Qalibaf kimi radikal mövqedə olan yükək ranqlı İran siyasi hakimiyyət təmsilçilərini – başda Ayətullah Seyid Əli Xamenei və Əli Laricani olmaqla əksəriyyətini öldürüb. İndi isə ABŞ-nin bir nömrəli hədəfinin Məhəmməd Baqer Qalibaf olacağı iddiaları səslənir. Buna səbəb kimi Qalibafın radikal qanadı təmsil edən ən yüksək vəzifəli fiqur olaraq qalması göstərilir. Onun ABŞ və İsrailə qarşı açıq və kompromissiz ritorikası aradan götürüləcək növbəti yüksək vəzifəli fiqur olacağı ehtimalını yüksəldir.
Xarici işlər naziri Abbas Əraqçi də İslamabad danışıqlarında sərt mövqe ortaya qoysa da, onun hədəf kimi Qalibafdan önə keçiriləcəyi ehtimalı azdır. Buna səbəb kimi isə Əraqçinin islahatçı mövqeli proqressiv siyasi nəsilin nümayəndəsi kimi qəbul olunması qeyd edilir.\Etibar Seyidağa,Musavat.com\
Polise.az



