ABŞ Qəzza üçün “Sülh Şurası” yaratmağı planlaşdırır

ABŞ yaxın vaxtlarda Qəzza üçün keçid administrasiyası funksiyasını yerinə yetirəcək “Sülh Şurası”nın yaradılmasını planlaşdırır.
Polise.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri Misir, Qətər və Türkiyə təmsilçiləri ilə Mayamidə görüşərək Qəzzada atəşkəsin birinci mərhələsinin icrasını qiymətləndirib və ikinci mərhələyə hazırlıq məsələlərini müzakirə ediblər.
Uitkoff qeyd edib ki, birinci mərhələ humanitar yardımın genişlənməsi, hərbi fəaliyyətlərin azalması və qoşunların qismən çıxarılması ilə nəticələnib. İkinci mərhələ çərçivəsində isə mülki əhalinin qorunması və ictimai asayişin təmin edilməsi məqsədilə Qəzzada vahid idarəetmə orqanının yaradılması vacib sayılır.
Bildirilib ki, planlaşdırılan “Sülh Şurası” mülki idarəetmə, təhlükəsizlik və bərpa istiqamətlərini əhatə edəcək. Tərəflər Qəzza üzrə 20 maddəlik sülh planına sadiqliklərini ifadə ediblər.
Polise.az



