ABŞ və Fransanın “zorla danışıqlar” taktikası: Rəsmi Bakı həmsədrləri suçlayır

ABŞ və Fransanın davranışları qəbuledilməz hesab olunur; Minsk Qrupunun bu iki həmsədri Cənubi Qafqaza moderator rolunda daha daxil ola bilməyəcək…

Azərbaycanın 44 günlük tarixi zəfəri Cənubi Qafqazda yeni geopolitik reallıqlar yaradıb. Ermənistan məğlub edilib, bu düşmən ölkənin ordusu darmadağın edilib. Və rəsmi İrəvanın regionda mövqeyi artıq nəzərə alınmır, ənənəvi “kaprizlər”inə əhəmiyyət verilmir.

Bundan sonra Ermənistan regional proseslərdə geopolitik şərtləri yerinə yetirən ölkə statusu ilə barışmalı olacaq. Rəsmi İrəvan daha uydurma “erməni xəyalları”nı iddia kimi regional gündəmə çevirə bilməyəcək. Və Ermənistan artıq bu situasiya ilə tədricən barışmağa başlayıb.

Ancaq bununla belə, müəyyən problemlər də olmamış deyil. Belə ki, bəzi kənar güclər regionda sülhü və sabitliyi pozmağa cəhd göstərirlər. II Qarabağ savaşının yekun nəticələrindən qaynaqlanan yeni situasiyanı dəyişməyə can atırlar. Və belə anlaşılır ki, Ermənistan vəziyyətlə barışmağa meyl göstərsə də, həmin kənar güclər buna imkan vermirlər.

Xüsusilə də, dünyanın iki nüfuzlu dövləti – ABŞ və Fransa Cənubi Qafqazda sabitliyi pozmağa cəhd göstərən ölkə statusunda çıxış edirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan bu iki ölkə yeni geopolitik situasiya ilə barışmaq istəmirlər. “Status” mövzusunu gündəmdə saxlamaq cəhdləri ilə regional vəziyyəti gərginləşdirməyə can atırlar.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)

Ermənistan “status” mövzusunun artıq qapandığını artıq anlayır. Rəsmi Bakının bu məsələnin müzakirəsinə bundan sonra imkan verməyəcəyi ilə də barışıb. Paşinyan hakimiyyəti bu məsələdən sadəcə, daxili auditoriya üçün istifadə edir.

Ancaq Vaşinqtondan və Parisdən Ermənistana edilən zənglər, verilən açıqlamalar vəziyyəti gərginləşdirir. Rəsmi İrəvan “status” mövzusunun həmişəlik qapandığını anlasa da, iki həmsədr ölkənin canfəşanlığı sayəsində ümidlərini qorumaq şansı qazanır.

Bütün bunlar azmış kimi, ABŞ və Fransanın İrəvandakı səfirləri Ermənistanın vəkilləri rolunda çıxış edirlər. Rəsmi İrəvan “status” mövzusunu unutmağa başladıqda, dərhal xatırladırlar. Paşinyan hakimiyyətini yerinə yetirə bilməyəcəkləri vədlərlə “ruhlandırmağa” çalışırlar.

Fransanın rəsmi dairələri və İrəvandakı səfiri Ermənistana dəstək verdiklərini artıq açıq mətnlə bəyan etməyə başlayıblar. İsrarla Minsk Qrupu çərçivəsində sülh danışıqları vəd edirlər. Və bu mövqelərinin dəyişməz olduğunu vurğulayırlar.

ABŞ rəsmiləri və İrəvandakı səfiri də qətiyyən fransızlardan geri qalmırlar. ABŞ-ın dövlət katibi Entoni Blinken vaxtaşırı rəsmi İrəvana Minsk Qrupu çərçivəsində “ürək-dirək” verir. ABŞ-ın İrəvandakı səfiri Linn Treysi isə tez-tez Azərbaycan-Ermənistan sərhəd bölgəsində peyda olur. Vəziyyətlə tanış olur, erməni hərbçilərinə Ermənistan sərhədlərini necə qorumaq lazım olduğunu “öyrədir”. İmkanı olsa, bəlkə də, əyninə Ermənistan ordusunun hərbi formasını geyinib, əlində silah səngərə də girəcək.

treysi-serhed.jpg (30 KB)

Amerikalı xanım səfir son açıqlamasında rəsmi İrəvana hər şeyin yaxşı olacağına da tam təminat verib: “Biz ATƏT-in Minsk Qrupu formatında tərəflərin (Azərbaycan və Ermənistan) danışıqlar masasına qayıtmaları üçün hər şey edirik. Hesab edirik ki, problem danışıqlar yolu ilə həll edilməlidir”.

Ancaq xanım səfir münaqişə tərəflərinin Minsk Qrupu formatında qurulan danışıqlar masasından niyə qalxdıqlarını nədənsə, xatırlamaq istəmir. Münaqişə tərəfləri nə az, nə çox, düz 30 il həmin danışıqlar masa arxasında oturublar. Uzun-uzun danışıqlar aparıblar, mübahisə ediblər, ancaq nəticə olmayıb.

Sonra münaqişə tərəflərindən biri – Azərbaycan bu danışıqlardan bezib, səbri tükənib, savaşa başlayıb. Minsk Qrupu həmsədrlərinin 30 ilə nizamlaya bilmədiyi problemi cəmisi 44 gün ərzində həll edib. Və Minsk Qrupunun problemi həll edən deyil, onu daha da dərinləşdirməyə çalışan qurum olduğu da sübuta yetirilib.

İndi problem artıq mövcud deyil. Azərbaycan onu həmsədrlərin mövqeyinə və istəyinə əhəmiyyət vermədən ən ədalətli şəkildə həll edib. Ancaq amerikalı xanım səfir hələ də hansısa problemin həlli üçün tərəfləri növbəti 30 illik danışıqlara çağırır.

Üstəlik, nə qədər mənasız bir çağırış etdiyini, deyəsən, özü də anlayır: “Başa düşürük ki, fundamental problemlər mövcuddur. Ancaq hesab etmirik ki, Qarabağ problemi həll olunub. Bu məsələ ATƏT-in Minsk Qrupunun gündəmində qalacaq”.

n00953347-b.jpg (70 KB)

Təbii ki, amerikalı xanım diplomat “fundamental problemlər” dedikdə, Azərbaycanın tarixi hərbi zəfərini nəzərdə tutur. Çünki, Ağ Evdə Azərbaycanın bu tarixi zəfəri ABŞ-ın Cənubi Qafqazda olan maraqları üçün ən ciddi problemə çevrilib. Ona görə də, ABŞ üçün “problem” həll edilməmiş qalır.

Ancaq Ağ Ev bu vəziyyətə müdaxilə imkanlarına da sahib deyil. Rusiyadan fərqli olaraq, ABŞ və Fransa regionda yalnız Minsk Qrupunun həmsədri kimi təmsil oluna bilirdilər. Azərbaycan ordusunun qələbəsindən sonra isə bu qurum da öz əhəmiyyətini itirdi. 30 illik faydasız mövcudluqdan sonra beynəlxalq siyasət məkanından yox olmaq mərhələsindədir.

ABŞ və Fransa isə bu reallıq ilə heç cür barışmaq istəmir. Nəyin bahasına olursa-olsun, Minsk Qrupunu yenidən dirçəltməyə çalışır. Və bu məsələdə yapışa biləcəkləri yeganə bəhanə isə münaqişənin sona çatmadığını, problemin həll edilmədiyini sübut edəcək situasiyanın yaradılmasıdır.

Ona görə də, israrla bu məsələnin Minsk Qrupunun gündəmində olduğunu iddia edirlər. Halbuki, Minsk Qrupunun özü artıq regional gündəmdə oyundankənar vəziyyətdə qalıb. Bu qurumun yenidən regional gündəmə qayıtması isə demək olar ki, mümkün deyil. Çünki bunun baş verməsi üçün Azərbaycan öz tarixi hərbi zəfərindən imtina edib, ötən ilin 27 sentyabrından öncəki situasiyanın bərpasına razılaşmalıdır. Buna isə müasir dünyada yalnız real vəziyyətdən məlumatı olmayan sadəlövhlər inana bilər.

Təbii ki, ABŞ-ın və onun xanım səfirinin əsas hədəfi Ermənistanı dəstəkləmək, eləcə də “status” deyil. Əsas hədəf Minsk Qrupunu “dəfn mərasimi”ndən xilas etməkdir. Amerikalı diplomatın açıqlamasında yer alan “ATƏT-in Minsk qrupu lazımi mandat və legitimliyə malikdir” cümləsi də məhz bunun təsdiqidir.

fff0bf3b449e6904b4b1ae3c5505830d.jpg (41 KB)

Ancaq səfir Linn Treysi mandat və legitimlik məsələsində nə qədər haqlı olsa da, digər önəmli məqamı nədənsə, nəzərə almaq istəmir. Belə ki, Minsk Qrupunun mandatı və legitimliyi artıq heç kəsi maraqlandırmır. Çünki, Minsk Qrupu artıq öz 30 illik faydasız missiyanı sona çatdırıb. Və həmsədrlərin artıq dağılışmaq vaxtıdır.

Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazırliyi də ABŞ səfirinin açıqlamasını qəbuledilməz hesab edir. Hər hansı “status”un müzakirə edilməyəcıyini bəyanlayır. Bununla da, Minsk Qrupunun yeganə gündəm mövzusuna maraq göstərmədiyinə və bu quruma daha hər hansı ehtiyacın qalmadığına eyham vurur.

Digər tərəfdən, Azərbaycan Xarici İşlər Nazırliyi regionda normallaşma prosesinin məhz üçtərəfli anlaşmalar nəticəsində yaranmış yeni reallıqlar və beynəlxalq hüquq normaları çərçivəsində davam etdiriləcəyini də xatırladır. ABŞ səfirinin açıqlamaları isə regionda vəziyyətin gərginləşdirilməsinə və qarşı tərəfə əsassız ümidlərin verilməsinə xidmət etdiyi vurğulanır. Yəni rəsmi Bakı üstüörtülü şəkildə də olsa, Ağ Evi suçlayır.

Bütün bunlar onu göstərir ki, “zorla danışıqlar” taktikasının tətbiq olunmasına cəhd göstərilsə də, nə ABŞ, nə də Fransa Cənubi Qafqaza moderator rolunda buraxılmayacaqlar. Üçtərəfli anlaşmalar Minsk Qrupunun missiyasını sona çatdırıb. Və bu reallıqla əvvəl-axır barışmaq lazım gələcək.

Elçin XALİDBƏYLİ

Hamısını Göstər

Related Articles

Back to top button