ABŞ və İran arasında danışıqlar nəticəsiz bitsə,hərbi toqquşma ssenarisində ilk hədəf Əli Xamanei ola bilər

İsrailin qiymətləndirməsinə görə İran hakimiyyətində fikir ayrılıqları mövcuddur. Əli Xamenei danışıqlarda sərt mövqe tutur, amma digər yüksək vəzifəli şəxslər sülh yanaşmasını dəstəkləyir.
Bəs Xamaneinin fərqli mövqeyi onu hədəfə çevirə bilərmi?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Oqtay Qasımov İranda siyasi qruplaşmaların iki yerə bölündüyünü bildirib. Onun sözlərinə əsasən, bunlar mühafizəkarlar və islahatçılar adlanan şərti qruplardır:
“Hazırda da İranda əsas hakimiyyəti əlində cəmləşdirən Əli Xamenei və SEPAH mühafizəkar qanadın aparıcı simalarıdır. İslahatçılar isə Prezident Pezeşkiyan və onun komandası hesab olunur. Onların xarici siyasətə baxışlarında fərqlər mövcuddur. Bu, ilk dövrdən də özünü göstərməkdədir. Pezeşkiyan hələ öz vəzifəsinin icrasına başlayarkən etdiyi çıxışda Qərblə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə dialoqun tərəfdarı kimi çıxış edib. Amma Xamenei və SEPAH liderləri isə bunun tam əksinə, Amerika Birləşmiş Ştatları və digər Qərb dövlətlərinə qarşı sərt mövqenin tərəfdarları kimi çıxış ediblər və sərt xətti müdafiə edirlər”.
Ekspert hazırda İran hakimiyyətində ABŞ və Qərblə münasibətlərin normallaşması məsələsində iki mövqenin mövcud oludğunu bildirib:
“Dini lider Xamanei və SEPAH rəhbərliyi müharibəyə hazır olduqlarını göstərir, bəzi hallarda təhrikedici çıxışlar edirlər. Bu da təbii ki, potensial olaraq onları hədəfə çevirir. Nəzərə alsaq ki, hələ bir müddət öncə ABŞ hərbi rəhbərliyi İranda vurulacaq 50-yə yaxın hədəfi müəyyən etmişdi və bu hədəflərin içərisində xüsusilə də rejimin əsas aparıcı simaları, başda Xamanei olmaqla, hədəf kimi göstərilirdi. ABŞ-nin əsas hədəflərinin İran rejiminin dəyişdirilməsi və Əli Xamaneinin hakimiyyətdən uzaqlaşdırılması olduğu bildirilir. Bu baxımdan Əli Xamanei hazırda faktiki olaraq hədəf halına gəlib. Yəni, əgər ABŞ və İran arasında danışıqlar nəticəsiz bitsə və tərəflər razılığa gələ bilməsə, bu halda hərbi toqquşma ehtimalı kifayət qədər arta bilər və belə bir ssenaridə ilk hədəf olaraq Əli Xamaneini aradan götürməyə çalışa bilərlər”.\Sfera.az\
Polise.az



