ABŞ və İsrail İrana kütləvi hücumlar başladıb – Bir sıra ərazilər vurulub

İranın Fars körfəzi sahilində yerləşən Aseluye şəhərindəki Cənubi Pars neft-kimya kompleksi yaxınlığında günorta saatlarında bir neçə güclü partlayış baş verib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən Hörmüz boğazı ilə bağlı verilən vaxtın bitməsinə az qalmış İranın infrastrukturuna qarşı ardıcıl hücumlar həyata keçirilib.
İsrailin müdafiə nazirliyi Aseluye şəhərində yerləşən ən böyük neft-kimya obyektinə güclü zərbə endirildiyini təsdiqləyib. Onun sözlərinə görə, bu əməliyyat nəticəsində İranın neft-kimya ixracının böyük hissəsini təmin edən iki əsas müəssisə tamamilə sıradan çıxıb.
İran mediası da bölgədə baş verən çoxsaylı partlayışları təsdiqləyib və ziyanın həcminin araşdırıldığını bildirib.
Hücumların yalnız enerji infrastrukturu ilə məhdudlaşmadığı qeyd olunur. Şərif Texnologiya Universiteti də hava zərbələrinin hədəfinə çevrilib. Hücum nəticəsində laboratoriyalar, məlumat mərkəzləri və kampus binalarının ciddi zərər gördüyü bildirilir. İran tərəfi hücumda sığınacaq deşən bombalardan istifadə olunduğunu açıqlayıb.
Bununla yanaşı, Buşəhr Atom Elektrik Stansiyası yaxınlığına da sursat düşüb. Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən verilən məlumata görə, mərmilər stansiyanın cəmi 75 metr yaxınlığına düşüb və bu fakt peyk görüntüləri ilə təsdiqlənib.
Polise.az



