ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı
ABŞ prezidenti Co Bayden Əfqanıstanda yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin mayın 1-dən etibarən çıxarılacağını bildirib.
“Anadolu” Agentliyinin məlumatına görə, dövlət başçısı cari ilin sentyabrın 11-dək ABŞ ordusunun Əfqanıstanı tərk edəcəyini bəyan edib.
Prezidentin sözlərinə görə, o, rəsmi Kabil və NATO üzrə müttəfiqləri ilə məsləhətləşmələrdən sonra ABŞ-ın Əfqanıstandakı müharibəsinə son qoymağı qərara alıb.
Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ hərbçilərinin ölkədəki mövcudluğu burada sabit hökumətin yaradılmasına kömək etməyəcək.
NATO-nun baş katibi Yens Stolenberq də alyansın qoşunlarının mayın 1-dən etibarən Əfqanıstandan çıxarılmağa başlayacağını təsdiqləyib.
O bildirib ki, NATO Əfqanıstana ABŞ-la birlikdə daxil olub və birlikdə də çıxacaq.