Ağ Ev Rusiya rəhbəri ilə “boşuna görüşmək” isətmir

ABŞ Prezidenti Donald Trampın yaxın gələcəkdə rusiyalı həmkarı Vladimir Putinlə görüşmək planı yoxdur.

“AzPolitika” xəbər verir ki, bunu Ağ Evin aparıcı rəsmisi bildirib. Bir neçə gün öncə isə Tramp Putinlə daha bir sammitin planlaşdırıldığını demişdi.

Tramp bildirib ki, Putinlə sammit planlarının təxirə salınmasına “boşuna görüş” ehtimalı səbəb olub. Bununla yanaşı, o, həm Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibəni bitirmək istədiyinə inandığını vurğulayıb və diplomatiyanın davam etdiyinə işarə edib. “Cəbhədə çox şey baş verir”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib və növbəti günlərdə daha çox məlumatın bəlli olacağını əlavə edib.

NATO-nun baş katibi Mark Rutte oktyabrın 21–22-də Vaşinqtonda səfərdədir və Tramp ilə görüşəcək. “Reuters”in istinad etdiyi mənbəyə görə, o, atəşkəslə və sonrakı mümkün sülh danışıqları ilə bağlı Avropanın baxışını təqdim edəcək.

Oktyabrın 20-də ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla danışıblar, lakin onların üzbəüz görüş keçirməyəcəyi açıqlanıb. Əsas fikir ayrılığı Moskvanın Ukraynada dərhal atəşkəsə etirazı ilə bağlıdır.

Lavrov bildirib ki, müharibənin “köklü” səbəblərini aradan qaldıracaq həll yolu tapılmalıdır. Onun sözlərinə görə, Rusiyanın müharibədəki hədəfləri dəyişməyib və “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə çatılacaq.

Tramp isə daha öncə xəbərdarlıq edib ki, Ukraynada müharibəni bitirmək üçün razılaşma əldə olunmasa, nəticələr ciddi olacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqının aparıcı rəsmiləri Putinin müharibəni bitirmək istədiyinə dair şübhələrini bir neçə dəfə ifadə ediblər. Onlar oktyabrın 21-də birgə bəyanatda da bu məqamı vurğulayıblar.

“Hamımız görürük ki, Putin zorakılığı və dağıtmağı seçir”, – Zelenski, Britaniya Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliya Baş naziri Corcia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin imzaladığı bəyanatda qeyd olunur.

Zelenski sosial mediada yazıb ki, “bu həftə Avropada xeyli görüş və danışıqlar olacaq”. Onun oktyabrın 24-də Londona səfər edəcəyi, orada “İstəklilər Koalisiyası”nın iclasının keçiriləcəyi bildirilir. Bu koalisiyaya Ukraynanın 20-dən çox Qərb müttəfiqi daxildir.

Ötən gecə Rusiyanın Kiyevə hücumları havadan müdafiə qüvvələrinin işə düşməsinə səbəb olub. Ballistik raketlərin cəlb olunduğu hücum zamanı xəsarət alan olmayıb.

Zaporojye və Dnepr şəhərlərinə də raket və dron zərbələri endirilib.

Oktyabrın 21-də Ukrayna Rusiyanın cənubundakı Bryansk vilayətində kimyəvi məhsullar zavodunu vurub. Kiyev hücumda Fransa və Britaniyaya məxsus “Storm Shadow” raketlərindən istifadə olunduğunu bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button