Ağ Ev yeni dünya düzəni ilə bağlı planını açıqladı: “ABŞ-ın daha müttəfiqi yoxdur” mesajı verildi

Ağ Evin yeni strategiyasında Çin ABŞ üçün əsas hədəf olaraq qalır, ancaq rəsmi Pekinin müttəfiqi Rusiya artıq “idarə olunan risk” qrupuna daxil edilib… Avropanın öz təhlükəsizliyinə cavabdeh olmasında israrlı mövqe tutan Ağ Ev ABŞ üçün “müttəfiqlər faydalı olduqları qədər əhəmiyyətlidir” prinsipini də ön plana çəkir…
ABŞ qlobal hədəflərinə olduqca ciddi dəyişikliklər etməklə, yeni dünya düzəninin formalaşma mərhələsinə hazırlıq prosesini böyük ölçüdə tamamlamış kimi görünür. Belə ki, Pentaqonun açıqladığı yeni milli müdafiə strategiyası ABŞ-ın qlobal güc prioritetlərinin açıq şəkildə yenidən sıralandığını göstərir. Həmin strateji sənəd mahiyyət etibarilə Ağ Evin artıq eyni vaxtda bütün regionlarda “tam məsuliyyət daşıyan hegemon dövlət” rolundan tədricən çəkildiyini təsdiqləyir. Və əsas diqqətin isə məhz Çinlə sistemli rəqabətə, eləcə də ABŞ ərazisinin təhlükəsizliyinə yönəltdiyini biruzə verir.
Onu da qeyd etmək lazımdır ki, bu yeni strategiya yalnız hərbi planlama sənədi deyil. Çünki bu sənəd ABŞ-ın müttəfiqlərinə, rəqiblərinə və neytral oyunçulara ünvanlanmış geopolitik mesaj xarakteri daşıyır. Yeni strategiyanın mərkəzində Çinin dayanması isə qətiyyən təsadüfi deyil. Belə ki, ABŞ artıq Çini yalnız regional güc deyil, həm də qlobal nizamı dəyişdirmək potensialına malik önəmli rəqib kimi qəbul edir. Sakit okean, Tayvan boğazı, texnoloji zəncirlər, süni intellekt və yarımkeçiricilər sənayesi və s. bu kimi strateji istiqamətlər ABŞ-Çin qarşıdurmasının əsas cəbhələri hesab olunur.
Ona görə də, son vaxtlar ABŞ hərbi resurslarını Avrasiya materikindən qismən çəkərək, Hind-Sakit okean məkanına yönəltməyə üstünlük verir. Ağ Ev ABŞ-ın müttəfiqlərindən, xüsusilə də Avropa ölkələrindən daha çox qlobal məsuliyyət yükünü paylaşımağı tələb edir. Və buna paralel olaraq, Çinlə dolayı, yaxud birbaşa iqtisadi əlaqələrə malik ölkələrə açıq şəkildə xəbərdarlıq mesajları verilir.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın Kanadanı Çinlə mümkün ticarət sazişinə görə 100 faizlik tariflərlə hədələməsi də bu strategiyanın yalnız hərbi xarakter daşımadığını göstərir. Yəni, bu strateji sənəd həm də sərt geoiqtisadi ölçüyə malikdir. Və Ağ Ev Çinin “dolayı yollarla” ABŞ bazarına daxil olmasını milli təhlükəsizlik riski kimi qiymətləndirdiyini qətiyyən gizlətmir.
Maraqlıdır ki, ABŞ-ın yeni strategiyasında ənənəvi beynəlxalq “düşmən” Rusiya artıq əsas prioritet hədəf deyil. Ancaq bununla belə, Ağ Ev Rusiyanı “daimi və idarəolunan təhlükə” statusunda gördüyü rəqiblərin sırasında saxlayır. Yəni, ABŞ açıq şəkildə etiraf edir ki, Rusiya hələ də ciddi hərbi-sənaye potensialına malikdir. Ukrayna savaşında ciddi şəkildə zəifləsə də bu dövlət uzunmüddətli müharibə aparmaq qabiliyyətini saxlayır. Və ən əsası isə Rusiya Şərqi Avropa və postsovet məkanında real hərbi təhlükə mənbəyi olaraq qalır.
Bütün bunlara baxmayaraq, Ağ Ev ABŞ-ın Rusiya ilə yanaşı Avropa dövlətlərinə yönəlik strateji mövqeyini də ciddi şəkildə dəyişib. Belə ki, ABŞ bundan sonra Avropa qitəsinin təhlükəsizlik yükünü tam şəkildə öz üzərində daşımaq niyyətində deyil. Çünki yeni strategiyada birmənalı şəkildə vurğulanır ki, NATO üzrə müttəfiqlərinin, xüsusilə də Almaniya, Fransa, Böyük Britaniya və Polşanın iqtisadi, eləcə də hərbi potensialı Rusiya təhlükəsini balanslaşdırmaq üçün yetərlidir.
Təbii ki, bu baxımdan, Ağ Ev tərəfindən Almaniya iqtisadiyyatının Rusiya iqtisadiyyatını üstələməsi ilə bağlı faktın xüsusi olaraq, qabardılması siyasi-psixoloji mesaj kimi görünür. Yəni, ABŞ dolayısıyla eyham vurur ki, Avropa dövlətləri artıq “zəif hədəf” deyil, sadəcə, siyasi iradə çatışmazlığı ilə bağlı problem yaşayır. Bu baxımdan, ABŞ açıq şəkildə bildirir ki, Ukraynanın müdafiəsi və ümumilikdə Avropanın təhlükəsizliyi artıq əsasən məhz “qoca qitə” ölkələrinin məsuliyyətində olmalıdır.

Belə anlaşılır ki, ABŞ NATO-nu tərk etməyəcək, ancaq bu hərbi-siyasi alyansdakı ənənəvi rolunu ciddi şəkildə optimallaşdıracaq. ABŞ qoşunlarının dislokasiyası daha çevik və məqsədyönlü xarakter daşıyacaq. Ukraynaya əsas hərbi və maliyyə dəstəyi məhz Avropa ölkələri tərəfindən təmin ediləcək. Və Ağ Evin bu yanaşma tərzi Avropanı dövlətlərini ya real strateji subyektə çevrilməyə, ya da uzunmüddətli təhlükəsizlik böhranı ilə üzləşməyə məcbur edə bilər.
Maraqlıdır ki, Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin bu barədə açıqlamaları isə yeni strategiyanın siyasi-ideoloji və psixoloji məğzini açır. Onun “Rusiya yalnız ABŞ-dan qorxur” iddiası faktiki olaraq, Avropa ölkələrinin qarşı tərəfi hərbi aqressiyadan çəkindirmə qabiliyyətinin yetərincə ciddiyə alınmadığını etiraf edir. Və bu, Tramp administrasiyasının hərbi-siyasi gücün mərkəzləşdirilməsi, ənənəvi müttəfiqlərdən qarşılıqlı asılılığın tədricən azaldılması, ABŞ-dan qorxu faktorunun əsas çəkindirici alət kimi təqdim olunması taktikasına uyğun yanaşmadır.
Ağ Evin bu strateji mesajlarının daxili auditoriya ilə yanaşı, həm də Rusiya, Çin və İran kimi dövlətlərə yönəldildiyi isə qətiyyən şübhə doğurmur. Eyni zamanda, yeni strategiyada Qrenlandiya, Panama kanalı və Arktika ilə bağlı hədəflərin xüsusi vurğulanması da qətiyyən təsadüfi deyil. Çünki bu bölgələr qlobal ticarət və hərbi logistikanın “düyün nöqtələri”dir. Üstəlik, bu regionlar Çin və Rusiyanın fəallığının artdığı zonalardır, yaxın gələcək isə həm enerji, həm nəqliyyat-kommunikasiya marşrutlarının mərkəzinə çevrilə bilər.

Məsələ ondadır ki, əgər, ABŞ həmin bölgələrdə öz hərbi-strateji üstünlüyünü itirərsə, onda qlobal təsir imkanları da ciddi şəkildə zəifləyər. Ona görə də, Pentaqonun yeni milli müdafiə strategiyası ABŞ üçün qlobal hədəfləri fərqli prioritetlər üzərinə yönəldir. Belə ki, ABŞ əslində, qlobal liderlikdən qətiyyən imtina etmir. Ancaq onu daha məqsədyönlü, sərt və rasional modelə keçirməyi hədəfləyir.
Belə anlaşılır ki, Ağ Evin yeni strategiyasında Çin ABŞ üçün əsas hədəf olaraq, qalır. Ancaq Ağ Ev Çinin əsas müttəfiqlərindən biri olan Rusiyanı artıq “idarə olunan risk” qrupuna daxil etməyə üstünlük verir. Avropanın öz təhlükəsizliyinə cavabdeh olmasında israrlı mövqe tutan Ağ Ev ABŞ üçün “müttəfiqlər faydalı olduqları qədər əhəmiyyətlidir” prinsipini ön plana çəkir. Geoiqtisadi alətlər isə indi artıq ABŞ üçün hərbi güc qədər önəmli faktor hesab olunur.
Təbii ki, ABŞ-ın bu yeni strategiyası dəyişməkdə olan dünya nizamının əvvəlkindən ciddi şəkildə fərqli konturlarını daha aydın şəkildə təsəvvür etmək imkanları açır. Ağ Ev həm müttəfiqlərinə, həm də qlobal rəqiblərinə açıq şəkildə mesaj verir ki, yeni dünya düzənində ABŞ-ın yanında yer almağı bacarmayanlar geopolitik proseslərin obyektinə çevrilmək taleyi ilə barışmalı olacaqlar. Və bu, o deməkdir ki, Ağ Ev ABŞ-ın həm müttəfiqlərini, həm də qlobal rəqiblərini indiyə qədər mövcud olandan daha fərqli kriteriyalar üzrə yenidən müəyyən etmək niyyətindədir.\Elçin XALİDBƏYLİ,Siyasi ekspert,”Yeni Müsavat” Media Qrupu\
Polise.az



