“Ağdərə yolunu kəsməyinizi, Kəlbəcərə 120 əvəzinə, 500 km getməyimizi də unutmamışıq”

“Nə vaxt biz Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa-Laçın və s. yollarıyla  təhlükəsiz gedib-gələrik, onda  siz də Kəlbəcər yoluyla Ermənistana gedib-gələrsiz…””Surəti Rusiya sülhməramlılarının komandanı Rustam Muradova göndərilməklə Heyvalıda yolu kəsən ermənilərə xüsusən məcburi köçkünlükdən yenicə qurtulmuş Kəlbəcər sakinləri adından bir açıq məktub göndərmək gərəkdir…”

Xəbər verildiyi kimi,  yanvarın 18-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun  Heyvalı kəndində qanunsuz məskunlaşmış bir qrup erməni kəndin ərazisindən keçən Azərbaycan yük avtomobillərinin yolunu kəsərək Kəlbəcər-Basarkeçər(“Vardenis”) yolunun açılmasını tələb ediblər. Onlarla görüşə gələn Rusiya sülhməramlı kontingentinin generalına müraciət edərək “Laçın dəhlizi ilə Basarkeçərə qohumlarını yoxlamağa getmək üçün 500 km yol  qət etməlidirlər, halbuki, Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər”,  “azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edərək əsəbləri ilə oynayırlar” və s. kimi şikayətlər ünvanlayıblar. 
Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər, üstəlik,  problemin həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər.
Bəzi soydaşlarımız isə bu məsələyə çox loyal münasibət bildirərək Azərbaycan torpağında hələ vətəndaşlığımızı qəbul edib-etməyəcəkləri bəlli olmadan sülənən ermənilər üçün Kəlbəcərdən Ermənistana yol açılmasının “gərginliyin aradan qaldırılmasına, qarşılıqlı dialoqun qurulmasına və gələcəkdə  Qarabağdakı erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasına kömək edəcəyini” bildirib. 

Qarabağdakı bütün erməni silahlılarının təmizlənməsi,  Araik, Balasanyan kimi terrorçu-separatçılarının cəzalandırılması, torpaqlarımızda adam kimi yaşayacaq ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi, Kəlbəcər rayonu ilə Ermənistan sərhəddində də keçid məntəqəsinin yaradılması və s. şərtləri bir yana, surəti Rusiya sülhməramlılarının komandanı Rustam Muradova göndərilməklə Heyvalıda yolu kəsən ermənilərə xüsusən məcburi köçkünlükdən yenicə qurtulmuş Kəlbəcər sakinləri adından bir açıq məktub göndərmək lazımdır. 
Ermənilərə də, onlarla mehriban(!) ünsiyyət zamanı “Artsax” ifadəsi işlədən rus generala da xatırlatmaq lazımdır ki, hələ alqışladığınız Sovet İttifaqı dövründə – 1988-ci ildən başlayaraq  Bakı-Yevlax-Bərdə-Tərtər istiqamətindən( o vaxt Mirbəşir adlanırdı) Kəlbəcərə getmək istəyənlər, təbii ki, əsasən Kəlbəcər camaatı məhz bəhs edilən Heyvalı( “Drmbon”) kəndindən keçən yolla gedərkən ermənilərin əvvəl daş-qalağına, sonra isə silahlı hücumuna məruz qalır, yaralanır, şəhidlər verirdilər.  Odur ki, 1989-cu ilin yayından azərbaycanlıların həmin yolla hərəkət etməsi artıq mümkün olmadı. Həmin vaxt da Toğanadan- Murovdan keçən yol çəkilib qurtarmamışdı. Qurtarsa da, qış aylarında həmin yolu getmək çox çətin olurdu. Laçın Və nəticədə Bakıdan,  yaxud Yevlaxdan, Bərdədən, Tərtərdən Kəlbəcərə getmək üçün bizlər Yevlaxdan Ağcabədi yoluyla Horadizə çıxıb oradan da Həkəri stansiyasından Qubadlı-Laçın yolu ilə gəlib yeni çəkilməkdə olan Laçın-Kəlbəcər yoluyla getməli idik. Ya da Bakıdan gələndə birbaşa İmişli- Beyləqan-Horadiz yoluna çıxıb Həkəridən yeni yolla getməyə məcbur idik. Bu minvalla, məsələn, Tərtərdən Kəlbəcərə gedib çıxmaq üçün 120 km əvəzinə  400-500 km yol qət etməliydik. Amma əvvəla, Laçın yolu da narahat idi, eyni zaman da Qubadlı-Laçın yolu da Ermənistanla sərhəd yaxınlığından keçdiyindən  mütəmadi atəşə tutulurdu. Odur ki, nəinki Kəlbəcər, keçmiş Dağlıq Qarabağ vilayətində, o cümlədən elə Laçında, Qubadlıda, Şuşada, Xocalıda, Ağdərədə və s. yaşayan azərbaycanlılar digər regionlara, xüsusən paytaxt Bakıya gediş-gəlişdə böyük əziyyətlər çəkirdi. Bakıdan  Kəlbəcərə tikinti materialları yollamaq üçün yüklər qatarla Həkəri stansiyasına, oradan da maşınlarla çətin və təhlükəli dağ yollarıyla daşınmalı idi. Bu da Yevlax-Ağdərə-Kəlbəcər yolundan 150 km-ə yaxın uzaq yol və əlavə xərclər demək idi…  

Bəs o zaman bu gün Heyvalıda “qanun, ədalət, insaf” deyib  yolumuzu kəsən dinc(?) ermənilər niyə səsini çıxarmırdı?  Hələ Xocalının, Şuşanın, Laçının, Kəlbəcərin və s. işğalı zamanı köçməyimiz üçün 1 saat da vaxt verməməyinizdən, bizləri hansı zülmlərə, işgəncələrə soyqırımlarına, əsirliklərə, girovluqlara məruz qoymağınızdan danışmırıq… 

Odur ki, siz ermənilərə güzəşt limitimiz çoxdan bitibdir. Nə vaxt qanunsuz silahlılar Qarabağdan, o cümlədən Ağdərə, Kəlbəcər ərazisindən tam təmizlənər, Ermənistan hökuməti rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyar, Qarabağda qalan ermənilər vətəndaşlığımızı qəbul edib bizim Konstitusiya və qanunlarımız əsasında yaşamağa razılıq verərlər,  nə vaxt bizlər heç bir sülhməramlı-filan müşayiəti olmadan Tərtər-Ağdərə-Kəlbəcər, Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa-Laçın, Qubadlı-Laçın və s. yollarıyla  təhlükəsiz və rahat gedib-gələrik, o halda  sizlər də Ağdərədən Kəlbəcərdən keçməklə Ermənistana gedib-gələrsiz…

Hamısını Göstər

Related Articles

Back to top button