Ağdaşda narkotiklərin dövriyyəsində və oğurluqda şübhəli bilinənlər saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 67 yaşlı Zülfi Atakişiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az -a verilən məlumata görə, onun yaşadığı Ağcaqovaq kəndində əkdiyi, ümumi çəkisi 26 kiloqram olan 137 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri fevral ayında əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Z.Atakişiyev çətənə kollarının kənardan görsənməməsi üçün həmin ərazinin kənarında əvvəlcə qamış becərib.
Məhkəmənin qərarı ilə Z.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb. Onlardan marixuana və çətənə kolları aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Polise.az