Ağlını itirmiş qəssablar Vəziristan dağlarından endilər – Baş kəsmək, intihar hücumları, narkotik və s…

Müəllif: İqor Pankratenko (haqqin.az saytının yazarı)

Dinc sakinlərin qəddarlıqla qətlə yetirilməsi, təxribatlar, narkotiklər və silah qaçaqmalçılığı – bütün bunlar döyüşçüləri hazırda Əfqanıstanda özlərini “dünya cihadının əsl bayraqdarları” adlandıran “İslam Dövləti-Xorasan” qruplaşmasının əsl simasıdır.

Onlar  əsasən ABŞ-ın işğalından sonra hakimiyyətini itirən köhnə “Taliban”ın nümayəndələrindən   və Pakistandakı həmfikirlərindən ibarətdir, say baxımından elə də çox qalmayıblar. Onlar Vəziristan dağlarında gizlənir və amerikan pilotsuz uçan aparatlarını vaxtından əvvəl görmək üçün əbəs ümidlə mütəmadi olaraq səmaya boylanırlar.  Ancaq “səmaların alovu” həmişə qəfil gəlir və özünün ölüm  saçan zərbələri ilə “sonuncu mogikanlar”ı məhv edir.  O kəsləri ki, Əfqanıstanda hakimiyyəti ələ almış, ancaq saxlaya bilməmişdilər.

Sonuncu mogikanlar hakimiyyəti ələ keçirdilər, amma saxlaya bilmədilər…

Köhnə “Taliban”ın sıralarında çarəsizlik hökm sürürdü. Onlar hakimiyyətdə olarkən törətdikləri vəhşilikləri unutmayan sadə əfqanların gülləsinə tuş gəlirdilər. “Yeni taliblər”, bu canavar balaları qruplaşmanı nəzarətə götürməklə “qocalar”ın xərac məqsədilə və ya sadəcə acından ölməmək üçün bu və ya digər əraziləri nəzarətə götürmək cəhdlərinin qarşısını qətiyyətlə alırdılar. Pakistan xüsusi təyinatlıları isə daha odioz simaları ovlamaq hüququna  malik idi.

Ancaq qəfildən ümid işartıları göründü. 2014-cü ilin payızında Vəziristanda İŞİD-in elçiləri peyda oldular, onlar özləri ilə “xəlifə” Əbu Bəkr əl-Bağdadinin puştu və dari dillərində “etimadnamə”sini gətirdilər.  Çağırış sadə idi: ABŞ-a və yerli hakimiyyətə qarşı mübarizə aparan müsəlmanları “xəlif”ə sədaqət andı içməyə və “dünya cihad”ına qoşulmağa dəvət edirdilər.

Yada salaq, bu, İŞİD-in  gücünün zirvədə olduğu dövr idi –   İraqda Mosul və Suriyada Rəqqa ələ keçirilmiş, Yaxın Şərqdən və Orta Asiyadan Afrika və Cənub-Şərqi Asiyaya qədər bir çox radikal cihadçı qruplaşmalar “Xilafət”ə sadiq qalacaqlarına and içmişdilər.  Təəccüblü deyil ki, köhnə “Taliban”, onun Pakistandakı həmfikirləri və “Özbəkistan İslam Hərəkatı”nın qalıqları da doğru hesab etdikləri tərəfi seçdilər.  Və 2015-ci ilin fevralında İŞİD Əfqanıstanda “Xorasan vilayəti”nin yaradıldığını rəsmən elan etdi.

Düzdür, hələ o vaxt İŞİD rəhbərliyi bu addımla bağlı narahatlığını bildirdi.  Ələ keçirilən sənəd və yazışmalardan aydın oldu ki, əfqanlarla yeni müttəfiqləri arasında qarşılıqlı anlaşma çox zəifdir:  “Əl-Qaidə”nin üzvləri əfqanları Quranı anlamaq iqtidarında olmayan savadsız kəndlilər, əfqanlar isə onları ölkələrinə bombardmanlar və beynəlxalq təcriddən başqa yeni heç nə gətirməyəcək növbəti əcnəbilər hesab edirdilər.

Amma taliblər əl-Bağdadiyə beyət etmədilər

Ancaq bu xırdalıqlara fikir verməmək qərarına gəldilər.  Əbu Bəkr əl-Bağdadinin yeni qazanılan ərazilərlə bağlı planları yetərincə şəffaf idi.  Əvvəla, burada “mühacir”, yəni “qaçqın” vəziyyətində olan, bu səbəbdən də puştunların qonaqpərvərlik ənənələrindən yararlanan Pakistan və Əfqanıstan islamçılarının hesabına qruplaşmanın ehtiyat qüvvələri toplanmalıydı.

İkincisi, yeni müttəfiqlərə 100 milyon dollardan çox maliyyə ayırmaqla Əfqanıstanda müqavimətin cəbhəsi yaradılmalıydı və bu cəbhə amerikanların diqqətini Suriya və İraqdan yayındırmalıydı.

2015-ci ilin avqustunda “Özbəkistan İslam Hərəkatı”nın liderləri “Vilayati Xorasan”a sədaqət andı içdilər – və o vaxt yeni qruplaşma Nənqarhar əyalətini, onun paytaxtı Cəlalabad şəhərini, habelə Kunar əyalətini nəzarətə götürməyə cəhd edərək talibləri sınamaq qərarına gəldi.

Həmin cəhdin sonu  acınacaqlı, həm də səciyyəvi oldu.  “İD-Xorasan”ın o hücumunun qarşısının alınması taliblərlə amerikalıların ilk əlbir əməliyyatı idi.  ABŞ hərbçiləri dünyada ən güclü qeyri-nüvə bombalarından istifadə etməklə “İŞİD”i bombalayır, əfqan ordusu hücumun ön eşelonunda gedir, taliblər isə ərazini təmizləyirdilər.

Nənqarhardakı hadisələr “İslam Dövləti-Xorasan” terrorçuları üçün tarixi dərs oldu…

Nənqarhar və Kunar İŞİD üçün əhəmiyyətli dərs oldu – o vaxtdan bəri onlar bu ərazilər üzərində nəzarəti ələ keçirmək üçün bir dəfə də olsun cəhd göstərmədilər.  Əvəzində isə bütün Əfqanıstan boyu, əsasən də şəhərlərdə “yatmış hücrələr” yaratmağa başladılar. Bu vaxt taliblərin başı kənd yerlərinə nəzarəti ələ keçirməyə qarışmışdı.

Və İŞİD paralel olaraq həm şəhərlərdə, həm qışlaqlarda miqyaslı terror taktikasına keçdi.  Ağsaqqalların, müəllimlərin, minatəmizləyənlərin və Qızıl Ayparanın könüllülərinin qəddarcasına qətlə yetirilməsi, şiələrə hücumlar – son 3 ildə “İD-Xorasan” yaraqlıları bu əməllərlə məşhurlaşdılar.

“İD-Xorasan” nüfuz ərazilərini genişləndirmək işində elə də müvəffəqiyyət qazanmasa da, qətllər törətmək istiqamətində bacarıqlı oldu. Problem ondadır ki, onun Xilafətin çox effektiv idarəçilik maşınının klonunu yaratmaq üçün Əfqanıstanda təşkilatlanmış strukturu yox idi.

Baş kəsməyi bacaranlar nə qədər desən var. Ancaq İŞİD-in İraq və Suriyadakı uğurunun bütün sirri təşkilati strukturlarında, nəzarətə götürdüyü ərazilərdə nizam-intizamın və idarəçiliyin təşkilində idi. Bunları Suriya və İraqda İŞİD bacarırdı, ancaq əl-Bağdadiyə biət edən qruplaşmalar bacarmırdı.  Xilafətə bitişik ərazilərə göndərilən İŞİD emissarları həmin uğuru qazana bilmədi, çünki onların sadəcə müvafiq  keyfiyyətdə yerli ehtiyatları yox idi.

Və onlar başqa mübarizə yolunu seçdilər…

Amerikanlar Əfqanıstanı tərk edərkən siyasi minalar basdırmaqdan yan keçə bilmədilər.  Taliblər ölkə üzərində nəzarətlərini qurarkən türmələrdən çoxlu sayda “işidçi”ni də azad etdi. «Parçala və hökm sür» – Britaniya imperiyasının formuludur, ancaq onu ABŞ da mənimsədi və fəal tətbiq etməkdədir. Üstəlik, tamamilə naməlumdur ki, “İD-Xorasan”ın yaraqlıları üçün gizli yerlərdə nə qədər silah və pul saxlanılıb.

“İD-Xorasan” qısamüddətli perspektivdə panika və xaosu gücləndirmək səylərini davam etdirəcək, bununla da əfqan taliblərinin əhalinin təhlükəsizliyini təmin etməkdə gücsüz olduğunu göstərməyə çalışacaq.  “İD-Xorasan” hazırda talibləri açıq-aşkar dünya cihadı ideyasını inkar edən “çirkli millətçi” olmaqda və hökuməti istisnasız olaraq Əfqanıstan sərhədləri daxilində formalaşdırmaq ideyası ilə kifayətlənməkdə ittiham edir.

Taliblərin düşmənləri əllərindən gələni edirlər ki, “İD-Xorasan” özünün partizan müharibəsi ilə problemlər yarada bilsin. Ancaq o, Əfqanıstanda hər hansı kütləvi dəstəyi ala bilməyəcək marginal təşkilatdır və bu cür də qalacaq.  Və taliblər onlarla ciddi məşğul olmağa başlayana qədər fəaliyyət göstərəcək.

Hamısını Göstər

Related Articles

Back to top button