Aİ-nin sammitində ümumi müdafiə bazarı məsələsi müzakirə olunacaq
Aİ-nin dekabrın 14-15-də keçiriləcək sammitində ilk dəfə olaraq Avropa İttifaqının ümumi müdafiə bazarının yaradılması müzakirə olunacaq.
Polise.az Qərb mətbuatına istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Aİ liderlərinə dəvət məktubunda deyilir.
Macarıstanın etirazlarına baxmayaraq, sammitin gündəliyinə Kiyevlə Aİ-yə üzvlüklə bağlı danışıqlar və Ukraynaya 50 milyard avro yardım ayrılması məsələsi də daxil edilib.
“Müdafiə hazırlığımızı artırmaq, Avropa İttifaqının məqsədlərinə tez bir zamanda nail olmaq üçün daha çox iş görməliyik. Biz bu sahədə Aİ-nin güclənməsi üzrə əsas olan müdafiə üçün daxili bazar yaratmaq üçün çalışmalıyıq”, -deyə məktubda bildirilir.
Həmçinin qeyd olunur ki, Aİ Ukraynaya daimi, davamlı siyasi, maliyyə və hərbi yardım göstərməli, xüsusən də onun uzunmüddətli sabitliyi üçün 50 milyard avro ayırmağa razı olmalıdır. Eləcə də Ukrayna ilə üzvlük danışıqlarına başlamaqla, onu Avropa ailəsinə daha da yaxınlaşdırmaq barədə zəruri siqnal verilməlidir.
Polise.az