Aİ yenidən Azərbaycanı hədəfə alır

Avropa Parlamentinin Azərbaycanda insan hüquqları, demokratiya və hüququn aliliyi ilə bağlı vəziyyəti “təcili debatlar” müstəvisinə çıxarmaq qərarı formal olaraq Bəhruz Samədov və İqbal Əbilovun həbsi və onlara hökm oxunması ilə əlaqələndirilsə də, əslində bu təşəbbüs bəyan edilən mövzunun hüdudlarını xeyli aşır. Söhbət Cənubi Qafqazda sülh və təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərən proseslərə siyasi müdaxilə cəhdindən gedir. Dinləmələrin vaxt seçimi və keçirildiyi kontekst Avropa Parlamentinin, eləcə də bütövlükdə Avropa İttifaqının Azərbaycan dövlətinə qarşı sistemli qərəzli mövqeyindən xəbər verir.
İlk növbədə qeyd edilməlidir ki, regionda sülhə aparan proseslərin fonunda dekabrın 2-də imzalanmış “Aİ–Ermənistan Strateji Tərəfdaşlıq Gündəliyi” adlı sənəd mahiyyət etibarilə Azərbaycanla sülh gündəliyi ilə ziddiyyət təşkil edir. Azərbaycan Xarici İşlər Nazirliyi də bu məqama diqqət çəkərək bildirib ki, Aİ ilə Ermənistan arasında qarşıdakı 7 il üçün strateji prioritetləri müəyyən edən ikitərəfli sənəddə Azərbaycana toxunan məsələlərin yer alması yolverilməzdir və bu, öz növbəsində, Azərbaycan–Aİ münasibətlərinin perspektivlərinə mənfi təsir göstərir.
Maraqlıdır ki, sözügedən sənəddə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə hazırlanmış və Bakı ilə İrəvan arasında razılaşmaların institusional əsasda möhkəmləndirilməsinə yönəlmiş TRIPP layihəsinə heç bir istinad yoxdur. Bu, xüsusilə ona görə diqqətçəkəndir ki, məhz Vaşinqton formatı proses naminə proses deyil, konkret nəticəyə yönəlmiş ən praqmatik yanaşmanı ortaya qoyub. Aİ-nin bu istiqaməti tanımaqdan və ya heç olmasa sənəddə qeyd etməkdən imtina etməsi Brüssel–Paris siyasi xəttindən kənarda formalaşan sülh gündəliyinə şüurlu şəkildə qarşı çıxıldığını göstərir. Qeyd etmək lazımdır ki, bu məsələdə Ermənistanın özü də Aİ-yə fəal şəkildə dəstək verir və ikili oyun oynadığı istisna edilmir.

Aİ daxilində bu xətt əsasən liberal-qlobalist dairələr tərəfindən irəli sürülür. Onlar QHT-lərlə və sorosçu ideologiya ilə sıx bağlıdırlar. Bu çevrələr üçün suverenliyin tanınmasına və münaqişə mərhələsinin başa çatmasına əsaslanan real sülh idarə olunan xaosdan daha az cəlbedicidir. Çünki məhz xaos onlara təzyiq və “mənəvi diktat” alətlərini qoruyub saxlamağa imkan verir. Bu səbəbdən Cənubi Qafqazda sülh prosesi onlar tərəfindən təhlükə kimi qəbul edilir, nəzarətlərindən kənar təşəbbüslər isə hədəfə çevrilir.
Bu baxımdan Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr etimadın sarsıdılmasına və yeni gərginlik ocağının yaradılmasına yönəlmiş provokativ addım kimi dəyərləndirilə bilər. Halbuki bu, Azərbaycan üçün yeni hal deyil. Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli münasibətinin uzun tarixi var. 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsinədək bu qurum Azərbaycanın ərazi bütövlüyünə açıq və birmənalı dəstək verməkdən sistemli şəkildə yayınırdı. Bu mövqe Aİ-nin Gürcüstan, Ukrayna və Moldova ilə bağlı yanaşmasından kəskin şəkildə fərqlənirdi. Universal yanaşma əvəzinə, beynəlxalq hüquq normalarını və işğal faktını görməzdən gələn seçici məntiq tətbiq olunurdu ki, bu da Aİ-yə inamı sarsıdırdı.

Bu siyasətin davamı kimi Ermənistanda fəaliyyət göstərən EUMA müşahidə missiyasının aktivləşməsi də diqqət çəkir. Açıq-aşkar siyasi motivli olan bu missiya sabitliyə töhfə verməkdən çox, təzyiq aləti rolunu oynayır və regionda sülhün bərqərar olmasına qarşı yönəlmiş ümumi strategiyanın tərkib hissəsidir. Diplomatik və parlament demarşları ilə birlikdə bu addımlar Vaşinqtonda əldə edilmiş razılaşmaları pozmaq və onları Paris–Brüssel gündəliyi ilə əvəzləmək cəhdi kimi görünür.

Aİ-nin sanksiya siyasəti də ikili standartların bariz nümunəsidir. Bir neçə Azərbaycan neft tankerinə guya sanksiyalı Rusiya neftinin daşınması iddiası ilə məhdudiyyətlərin tətbiqi, Avropa ölkələrinin – xüsusən Yunanıstan və Kiprin – Rusiya neftini aktiv şəkildə daşıması fonunda açıq-aşkar seçici yanaşmadır. Eyni zamanda Almaniya RF-yə qarşı prinsipial mövqe nümayiş etdirdiyini iddia etsə də, Rosneft Deutschland vasitəsilə ölkədəki neft emalı güclərinin təxminən 12 faizinə nəzarət davam edir.
Bundan əlavə, Aİ-də istehsal olunan elektronika və texnologiyaların Ermənistan üzərindən Rusiyaya ötürülməsi və Ukraynaya qarşı müharibədə istifadə olunması faktı geniş şəkildə sənədləşdirilib. 2021–2024-cü illərdə Ermənistan–Rusiya ticarət dövriyyəsinin 4,5–5 dəfə artaraq 2,6 milyard dollardan 12 milyard dollara çatması da bunu təsdiqləyir. Fitch Ratings-in məlumatına görə, 2022-ci ildən etibarən Ermənistandan Rusiyaya ixrac 300 faiz artıb. Lakin bu faktlar Aİ tərəfindən nə sanksiyalar, nə də parlament araşdırmaları ilə müşayiət olunur.

Bu fonda Avropa Parlamentinin Azərbaycana qarşı dinləmələr təşəbbüsü xüsusilə təzadlı görünür. Təkcə 2025-ci ildə Ermənistanda onlarla müxalif siyasətçi, din xadimi və ictimai fəal həbs edilib. Buna baxmayaraq, Avropa Parlamenti bu məsələlərlə bağlı nə dinləmə keçirib, nə də sənəd qəbul edib.
Eyni zamanda, Avropa Parlamentinin hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlı mövqeyi də suallar doğurur. O cümlədən, Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində adı hallanan oliqarx Ruben Vardanyanın azadlığa buraxılması çağırışları Aİ-nin Kiyevə dəstək bəyanatları ilə ziddiyyət təşkil edir.
Ümumilikdə Avropa İttifaqının Cənubi Qafqazda apardığı siyasət Azərbaycanın artan siyasi və iqtisadi təsirindən doğan narahatlığın nəticəsi kimi yeni ayırıcı xətlərin çəkilməsinə yönəlib. Lakin bu cəhdlər Aİ-nin qlobal siyasətdə subyektivliyini itirməsi fonunda getdikcə daha az inandırıcı görünür. ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında da Avropada dəyərlərin aşınması və strateji çaşqınlıq açıq şəkildə qeyd olunur.

Bu şəraitdə Avropa Parlamentinin siyasi motivli məsələləri “təcili debatlar” səviyyəsinə qaldırması onun qərəzli mövqeyini bir daha nümayiş etdirir. İslamofob və türkofob meyilləri ilə tanınan bu qurumun qəbul etdiyi qətnamələr Azərbaycanın milli maraqlara əsaslanan strateji kursuna heç bir təsir göstərə bilməz. Aİ isə daha yaxşı olar ki, korrupsiya qalmaqalları ilə gündəmə gələn öz institusional problemlərinə diqqət ayırsın.\Mənbə: Caliber.az Hazırladı: Musavat.com\
Polise.az



