Aktiv koronavirus xəstələri ictimai yerdə aşkarlanıb
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, rayon sakini R.Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
R.Əliyev rayon ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Aktiv COVID-19 xəstəsi olan Y.Həsənov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs ictimai yerdə aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.
Hər iki şəxs barəsində Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
***
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Xanoğlan Sadıqovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra yaşadığı ünvana geri qaytarılıb.
Daha bir aktiv koronavirus xəstəsi isə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai yerdə aşkarlanıb. Belə ki, Təhsin Mustafayevin yaşadığı ünvanı tərk edərək işlədiyi stomatoloji məntəqəyə gəldiyi müəyyən edilib. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.


***
Masallıda ictimai yerlərdə 2 koronavirus xəstəsi aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakinləri R.Həşimov və R.Həsənova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Faktlarla bağlı araşdırma aparılır.





