Ali Baş Komandan: “Vətən Müharibəsində fərqlənənlərə orden və medallar veriləcək”

“Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini, demək olar ki, həll etdik”.

Bunu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, indi həyatımızda yeni dövr başlayır:

“Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək.

Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz.

Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq”.

Prezident bildirib ki, bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək:

“Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir.

Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək.

Məhz Vətən Müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button