Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
SARS-CoV-2 virusu ailə ağacında ona qohum olan RaTG13 kimi yarasa koronaviruslarından ötən il və hətta bu minillikdə deyil, təxminən 40-70 il əvvəl törəyib.
Bunu SARS-CoV-2 və ona yaxın virusların təkamülü ilə bağlı hərtərəfli genetik təhlillər aparan Edinburq Universitetinin Təkamül Biologiyası İnstitutu və Qlazqo Universitetindəki Virus Tədqiqatları Mərkəzinin alimləri bildiriblər.
Müəlliflər “Nature Microbiology”də yazırlar ki, nalburunkimilər fəsiləsinə daxil olan yarasalarda görünən koronavirus, çox güman, panqolin və ya digər heyvanlarda olan viruslarla “çarpazlaşma” (gen mübadiləsi) yolu ilə deyil, öz təkamülü zamanı Homo sapiens növünü yoluxdurma qabiliyyəti əldə ediblər. Onlar SARS-CoV-2 genomunun sabit bölgələrini müəyyən edə bilib və onlar üzərindən təkamülünü qurublar.
SARS-CoV-2 və RaTG13-ün ortaq əcdadı olduğunu fərz edən tədqiqatçılar belə nəticəyə gəliblər ki, birinci 1948-1982-ci illər aralığında təkamül ağacında “tumurcuqlayıb”.
Müəlliflərin yazdıqlarına görə, sarbekoviruslar tez-tez rekombinasiyaya məruz qalırlar və Çində regional miqyasda məkan quruluşlu genetik müxtəlifliyi nümayiş etdirirlər, lakin SARS-CoV-2, çətin ki rekombinasiya məhsulu olsun. Çünki onun insanı yoluxduran əsas komponenti – zülalı, görünür, yarasa virusları üçün ümumi irsi əlamətdir və bu yaxınlarda əldə edilməyib.
“Təhlilimizdən aydın olur ki, SARS-CoV-2 ilə yaxından əlaqəli olan viruslar on illərdir nalburunkimilərdə dolaşır. SARS-CoV-2 və RaTG13-ün ümumi əcdadından keçən inanılmaz müxtəliflik universal xüsusiyyətləri olan yarasaların sarbekoviruslar “xəzinəsini” yaradır və bu, məməlilərin bir sıra hüceyrələrini yoluxdurmağı asanlaşdırır, nəticədə virusun insana keçməsi də asanlaşır”, – deyə alimlər yazırlar və bunun təkrar-təkrar baş verə biləcəyini söyləyirlər.
Müəlliflər vurğulayıb ki, bəşəriyyət SARS-CoV-2-nin yayılmasına gec cavab verib, lakin bu, koronavirusların son pandemiyası deyil. Çünki onlar çoxdur və aralarında dinamik rekombinasiya prosesi gedir, bu isə pandemiya potensialı olanları qısa zamanda müəyyənləşdirməyi çətinləşdirir. Alimlər yoluxma halları üçrəqəmli həddə çatmamış xəbərdarlıq edə biləcək real vaxtda qlobal nəzarət sistemi yaradılmasına çağırış ediblər.
Alimlər koronavirusların belə patogen xətlərinin olub-olmadığını, varsa, nə qədər olduğunu və onlardan necə qorunmaq lazım gəldiyini öyrənmək üçün işlərinin davam etdirilməli olduğunu söyləyiblər.