Almaniya, Fransa və Avropa İttifaqı Qazaxıstanı vətəndaşlarının hüquqlarını müdafiə etməyə çağırıb
Qazaxıstanda baş verən kütləvi etirazlar fonunda Almaniya hökuməti münaqişənin bütün tərəflərini təmkinli və tədbirli olmağa çağırıb. Hökumət sözçüsü müavini Kristian Hoffmann bildirib ki, mövcud hadisələr və zorakılıq Berlində böyük narahatlıq yaradır.
“Biz əminik ki, zorakılıq heç vaxt adekvat cavab ola bilməz. Ona görə də biz bütün tərəfləri gərginliyi azaltmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağırırıq”, – deyə o bəyan edib.
Həmçinin Hoffman Qazaxıstanda etirazçıların güllələnməsi əmrinin Almaniyada narahatlıq doğurduğunu dilə gətirib. O əlavə edib ki, Qazaxıstan hökuməti və bütün yüksək vəzifəlilər mülki şəxslərin müdafiəsinə cavabdehdirlər.
Almaniyanın ədliyyə naziri Marko Buşman özünün “Twitter” mikrobloqunda: “Hər kim xəbərdarlıq etmədən nümayişçilərə atəş açırsa, o, sivil dövlətlər liqasını tərk edib”, – deyə qeyd edib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makron da Fransanın Avropa İttifaqı Şurasına sədrliyi ilə əlaqədar Parisdə görüşərək, Qazaxıstanda zorakılığa son qoymağa çağırıblar.
Mərkəzi Asiya ölkəsində vəziyyətin gərginləşməsini narahatlıqla izlədiyini deyən Avropa Komissiyasının rəhbəri əmin edib ki, “Aİ imkan daxilində kömək etməyə hazırdır”.
Həmçinin, Fon der Leyen vurğulayıb ki, Qazaxıstan xalqının hüquqları və təhlükəsizliyi qorunmalıdır.