Almaniya Ukraynanı hərbi blokadaya salır: Kremldə isə “Bayraktar TB2” xofu güclənir
Almaniya Ukraynaya silah satan dünya dövlətləri üçün öz hava məkanını qapatmaqla, rəsmi Kiyevə arxadan zərbə vurdu, ABŞ və NATO-nu da qəliz vəziyyət ilə üzləşdirdi; Kremldə isə indi II Qarabağ savaşından sonra Rusiya silahlarının Ukraynada da Türkiyənin “Bayraktar TB2” PUA-ları qarşısında biabır ola biləcəyindən daha çox narahatdırlar…
Ukrayna böhranı ətrafında yaranmış vəziyyət artıq həlledici mərhələyə yaxınlaşır. Bəzi dünya dövlətlərinin bu böhrana münasibətdə tutduğu mövqe də tədricən aydınlaşmağa başlayır. Və böyük ehtimalla qarşıduran tərəflər arasında qüvvələr nisbəti dəqiqləşdikcə, Ukrayna böhranı ilə baş verə biləcək hadisələrin mümkün istiqamətləri də aydınlaşmış olacaq.
Hazırda ABŞ və Avropa Birliyi arasında Ukrayna böhranına münasibətdə kəskin ziddiyyətlər mövcuddur. Avropa Birliyi Ukrayna hərbi-siyasi poliqonunda ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmasına passiv dəstək mövqeyindən yanaşır. Avropa Birliyinin Ukrayna ucbatından Rusiya ilə qarşıdurmaya cəlb olunmaqdan yayınmağa çalışdığı müşahidə edilir.
Maraqlıdır ki, Avropa Birliyi son açıqlamasında da bu qurumun qarşıduran tərəflər arasında manevr etməyə çalışdığı açıq-aşkar nəzərə çarpır. Belə ki, Avropa Birliyi Ukraynaya qarşı hərbi müdaxilə ehtimalı ilə bağlı Rusiya əleyhinə bəzi ciddi sanksiyalar hazırlayır. Ancaq həmin sanksiyalar təbii qaz sektorunu, o cümlədən də “Şimal axını-2” layihəsini hədəfə almayacaq.
Göründüyü kimi, Avropa Birliyi ikibaşlı oyun oynayır. İlk növbədə Rusiyanın enerji resursları ilə bağlı öz maraqlarının toxunulmazlığını təmin etməyə çalışır. Halbuki, ABŞ Avropa Birliyindən israrla “Şimal axını-2” layihəsindən imtina olunmasını tələb edir. Və bu qurum hələlik inadkarlıqla Ağ Evin tələblərindən yan keçməyə üstünlük verir.
Avropa Birliyindən fərqli olaraq, ABŞ Ukraynanın hərbi potensialını gücləndirməyə yönəlik addımları ilə diqqəti çəkir. Belə ki, son günlərdə ABŞ-ın hərbi-nəqliyyat təyyarələrinin Ukrayna hava limanlarına enməsi intensivləşib. ABŞ Rusiyanın hərbi müdaxilə ehtimalına ciddi yanaşaraq, Ukraynaya hərbi texnika daşımaqda davam edir. Və Ağ Evin bu dəstəyi indiki qəliz vəziyyətdə Ukrayna üçün böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, ABŞ-ın ön yaxın strateji müttəfiqi olan Böyük Britaniya da bu prosesdə Ağ Evə fəal şəkildə dəstək verir. Hər halda, rəsmi London bir tərəfdən Ukrayna böhranına münasibətdə siyasi manevrlə kifayətlənmir. Yəni, Böyük Britaniyanın da Ukraynaya hərbi texnika göndərdiyi barədə ciddi məlumatlar mövcuddur.
Maraqlıdır ki, Rusiya əleyhinə beynəlxalq kampaniyaya artıq Yaponiya da qoşulmaq qərarına gəlib. Rəsmi Tokio Rusiyanın Ukrayna siyasətini sərt şəkildə tənqid edib. Yaponiyanın baş naziri hətta bəyan edib ki, Rusiya Ukraynaya hücum edərsə, rəsmi Tokio buna olduqca sərt cavab verəcək. O, öz sözlərinə onu da əlavə edib ki, Yaponiya Ukraynanı qorumaq üçün tərəfdaşları ilə əməkdaşlıq edəcək.
Hətta Yaponiyanın belə bu qarşıdurmaya qatılması proseslərin bütün dünya üçün təhlükəli istiqamətlər almasından xəbər verir. Çünki, Yaponiya adətən, beynəlxalq hərbi-siyasi qarşıdurmalardan mümkün qədər kənarda qalmağa üstünlük verən dövlət sayılır. Rusiya ilə ərazi mübahisələri olan Yaponiyanın belə, məhz indi fəallaşması Kremlin aqressiv davranacağı təqdirdə, olduqca ciddi beynəlxalq problemlərə tuş gələ biləcəyinin əlamətidir.
Digər tərəfdən, bütün müşahidələr onu göstərir ki, Ukraynaya qarşı hərbi müdaxilə ehtimalı heç də boşuna narahatlıqdan qaynaqlanmır. ABŞ, Böyük Britaniya, Kanada və s. digərQərb ölkələri artıq Ukraynadakı diplomatik təmsilçilərinin evakuasiyasına başlayıblar. Eyni zamanda, Qərb ölkələri öz vətəndaşlarına savaşın tezliklə başlama ehtimalı və real həyati təhlükə ilə bağlı daha tez-tez xəbərdarlıq etməklə, diqqəti çəkirlər. Hətta Ukraynaya hərbi müdaxilə edəcəyi gözlənilən Rusiyanın da öz diplomatlarını bu qonşu ölkədən çəkməyə başlaması Kremlin hərbi qüvvələri ön plana çıxarmağa hazırlaşması kimi yozulur.
Ancaq bütün bu qarışıq situasiyada yalnız bir ölkənin – Almaniyanın Ukraynada olan diplomatlarına və vətəndaşlarına elə də ciddi təhlükənin olmadığını düşünmək mümkündür. Belə ki, Almaniya hökuməti Ukraynaya hərbi yardım göstərməkdən rəsmən imtina edib. Rəsmi Berlin bir tərəfdən Ukraynaya silah satmır, digər tərəfdən isə rəsmi Kiyevə hərbi texnika ilə dəstək verən ölkələr üçün öz hava məkanını qapadıb. Və rəsmi Berlinin bu gözlənilməz davranışına Ukrayna xarici işlər naziri Dmitri Kuleba sərt reaksiya verib: “Almaniyanın Ukraynaya silah satmaması və tədarük edən ölkələrə də öz hava sahəsini bağlamasını Ukrayna xalqı onilliklər boyu unutmayacaq”.
Maraqlıdır ki, məhz Ukraynaya silah satılması məsələsi son vaxtlara qədər siyasi-iqtisadi tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədə olan Türkiyə və Rusiya arasında ciddi narazılıq yaradıb. Belə ki, Rusiya siyasi dairələri rəsmi Ankaranı Ukraynaya “Bayraktar TB2” PUA-ları satmaqda suçlayır. Kremlə yaxın siyasi dairələr hesab edirlər ki, rəsmi Ankaranın Ukraynaya dəstəkləyici münasibəti və bu ölkəyə silah satması Rusiya ilə tərəfdaşlığa kölgə salır.
Ancaq Rusiya siyasi dairələri nəzərə almaq istəmirlər ki, rəsmi Ankaranın Kreml ilə tərəfdaşlıq münasibətləri olduğu kimi, Ukraynada da iqtisadi-ticari maraqları mövcuddur. Digər tərəfdən, Rusiya indiyə qədər Türkiyənin düşmənlərinə silah satışından heç vaxt imtina etməyib. Xüsusilə də, PKK/PYD terror qruplaşması hazırda Rusiyadan alınmış silahlarla Türkiyə ordusuna qarşı vuruşur. Kremlin PKK/PYD-yə silah satması Rusiyanın beynəlxalq terrorizmi dəstəkləməsi anlamına gəlir. Və Kreml Türkiyəni ittiham etməkdən öncə ilk növbədə bu məsələyə aydınlıq gətirməlidir.
Türkiyə isə rəsmi müqavilə ilə dünya dövlətlərindən birinə – Ukraynaya “Bayraktar TB2” PUA-ları satıb. Üstünlük, Ukrayna Türkiyənin rəsmi müqavilə ilə “Bayraktar TB2” PUA-ları satdığı 16 ölkədən yalnız biridir. Ən əsası isə bu, Rusiyanın terrorçulara gizli yollarla silah satmasından fəqrli olaraq, beynəlxalq hüquq normaları çərçivəsində reallaşdırılıb.
Digər tərəfdən, Türkiyə hansı dövlətə silah satacağını Rusiya ilə razılaşdırmağa da qətiyyən borclu deyil. Hansı dövlət beynəlxalq hüquq normaları çərçivəsində silahın alınmasında müştəri rolunda çıxış edərsə, Türkiyə də öz maraqlarına uyğun olaraq, hərbi texnikanı satmaq haqqına sahibdir. Əslində, Rusiyanın özü də dəfələrlə bu məsələ ilə bağlı rəsmi mövqeyini bildirib.
Məsələ ondadır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bu qurumun mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bir müddət öncə bu ölkənin istənilən dövlətə silah satmaq səlahiyyətlərinin olduğunu bəyan etmişdilər. İndi belə çıxır ki, Kreml belə səlahiyyətləri Rusiyaya aid edir. Və Türkiyənin də Rusiya kimi, öz istehsalı olan silahları satmaq səlahiyyətlərinə sahib olduğundan xəbərsizdir. Və Kremlin bu məsələdə Türkiyədən narazı qalması olduqca məntiqsizdir.
Böyük ehtimalla Kremldə Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” PUA-larından ciddi şəkildə qorxurlar. Çünki həmin PUA-lar II Qarabağ savaşında Rusiya silahlarına da qalib gəldi. Nəticədə bu biabırçılıqdan sonra Rusiyanın hərbi-sənaye kompleksi beynəlxalq silah bazarında öz mövqelərini tədricən itirməyə başladı.
Ola bilsin ki, indi Kremldə Ukraynaya qarşı hərbi müdaxilə ediləcəyi təqdirdə, “Bayraktar TB2” PUA-larının Rusiya hərbi texnikasına sarsıdıcı zərbələr vura biləcəyindən narahatdırlar. Belə anlaşılır ki, Rusiya “Bayraktar TB2” PUA-larının Ukrayna ilə savaşın nəticələrinə təsir göstərə biləcəyini istisna etmir. Və bu səbəbdən narahat olmaqla yanaşı, Ukraynaya bu strateji zərbə silahlarını satan Türkiyədən ciddi şəkildə narazıdır.
Elçin XALİDBƏYLİ