Amin Musayev və daha 43 Vətən müharibəsi iştirakçısına avtomobil verildi
27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 avtomobil təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən bəhs olunub və bildirilib ki, bu kateqoriyadan olan vətəndaşların rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.
Vətən müharibəsindən sonra şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlər növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən ciddi şəkildə artırılıb, həmçinin Vətən Müharibəsi Qəhrəmanları üçün aylıq təqaüd təsis olunub. Eyni zamanda, şəhid ailələri və qazilərimizlə bağlı geniş sosial dəstək paketi icra olunur.
Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Bildirilib ki, o cümlədən 2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. 2021-ci il üzrə artıq 1600 mənzil verilib. Cənab Prezidentin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə də mənzillər verilir.
Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqlarını qeyd edərək, həmişə dəstəklə əhatə olunduqlarına, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qazilər arasında əsirlikdən azad olan Amin Musyev də var.