Anbarda baş verən yanğın söndürüldü – YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb.
Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
12:58
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
FHN-dən Moderator.az-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
11:52
Bakıda anbarda baş verən yanğın şiddətlənib.
Əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.
Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir. (Report)
11:17
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
Moderator.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.