Anım günü ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Polise.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, dekabrın 12-si səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə edilir.



