Anjelanın fəryadı və acı gerçəklər – ermənilər üçün “qara sentyabr”

Sentyabr ayı başlayandan sosial şəbəkələrin Ermənistan seqmentində ah-uflu, kədərli, xiffətli statuslar ərşə dirənib – hər postdan, şərhdən göz yaşları sızır, inilti sədaları gəlir.
Sentyabr ermənilər üçün qara aydır. Azərbaycan işğal olunmuş ərazilərini azad etməyə 2020-ci ilin sentyabr ayının 27-də start verib.
Kəlbəcər-Cermuk istiqamətindəki adsız təpələrimizdən erməni hərbi birləşmələrinin geri oturdulması əməliyyatı 2022-ci ilin sentyabr ayının 12-14-də olub.
Xankəndi və ətraf rayonların Ermənistan ordusundan təmizlənməsi 2023-cü ilin sentyabrın 19-20-də baş tutub.
Nəhayət, 2023-cü ilin sentyabr ayının 24-də ermənilər Xankəndi və ətraf rayonlardan Ermənistana köçüblər. Bu köç zorakılıqla müşayiət olunmayıb, köçürülmə (deportasiya) olmayıb, amma yenə də bu, ermənilər üçün faciəvi günlərdən biridir.
Beləliklə, sentyabr ayında düz 4 gün həm Qarabağ erməniləri, həm də Ermənistan və dünya erməniləri üçün qara gün sayılır.
Ancaq 1991-ci ildən ta 2020-ci ilə qədər sentyabr ayı ermənilər üçün qırmızı ay idi. Onlar hər il sentyabrın 2-ni qondarma “DQR”-in “müstəqillik günü” kimi qeyd edir, təmtəraqlı qəbullar, təntənəli bayram coşqusu düzənləyirdilər.
Ermənilər üçün sentyabrın sonrakı günlərinin sonrakı illərdə qara gəlməsinin əsas səbəbi də məhz budur: başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəmələri.
İndi sosial şəbəkələrdə ağlaşma quranlar 29 il boyunca yer-yurd, doğma ocaq dərdi çəkən, çadırlarda, vaqonlarda, yataqxana hücrələrində, çiy kərpicdən tikdikləri evlərdə kənd-kəsəyinin həsrəti ilə qəhr olan yüz minlərlə azərbaycanlının yaşadıqlarının 10-da birini yaşayırlar və dözə bilmirlər.
İndi Roza Vardanyan Feysbukda yazır: “Paşinyan velosiped sürməsini nümayiş etdirdi, qəhvə içdi, futbol mərkəzinin açılış mərasiminə qatıldı, amma 19 sentyabr tarixinə toxunmadı… Yerablur bu gün həddindən artıq izdihamlı idi…”.
İrəvanın qulağının dibindəki Yerablur hərbi məzarlığı niyə izdihamlı idi? Roza Vardanyan buna toxunmur. Sonra da deyirlər ki, Ermənistan Qarabağı işğal etməmişdi. Yerablur panteonu isə Qarabağda ölən ermənistanlı əsgərlərin məzarları ilə doludur.
Duyğusal ovqata qapılaraq şeir yazanlar da var. Çartarlı Siruş yazır:
“Yuxumda kəndimizə düşəcəyəm, Arsax dünyasında əbədi yaşayacağam,
Çartarın havasını həsrətlə udacağam, kənd küçəsi ilə yavaş-yavaş yeriyəcəyəm…”.
Onun bu statusunun altına şərh yazan azərbaycanlılar isə hələ də qəzəblidirlər və yazırlar ki, o günü görməyəcəksən.
Siruşu anlamaq olar. O şeirlərdən biz də çox yazmışıq – düz 29 il. Hələ yurd nisgilli mahnılar da var. 2020-ci ilə qədər Qarabağ camaatının toylarının azı bir saatı itirilmiş torpaqlar haqqında yanıqlı muğamların oxunması ilə keçirdi.
Anjela Qriqoryan isə əldən çıxmış Qarabağa dair göz yaşı tökəndən sonra baş verənlərin pərdəarxası məqamlarına toxunur, yazır: “Dinc sakinlər sülhməramlıların bazasının yerləşdiyi İvanyan hava limanında toplaşmışdılar. Həmin yer Artsax xalqı üçün son təhlükəsizlik nöqtəsinə çevrilmişdi: insanların yaşayış məntəqələri düşmən tərəfindən bombalanaraq dağıdıldığı bir vaxtda qorunmağa ümid etdiyi bir yer idi.
Minlərlə insanın qorxu, qeyri-müəyyənlik və ümidsizlik içində aydın bir qərar gözlədiyi həmin anda bir neçə “lider” hava limanına gəlib panikaya səbəb olan bir açıqlama verdi…. İnsanların evlərini bu qədər tez və bu qədər nizamsız şəkildə tərk etməsi kimin xeyrinə idi?”
Anjela bu sualın cavabını hələ tapa bilməyib. Amma ermənilərin heç bir zorakılıq və tələb olmadığı halda Qarabağı tərk etmələrinin təşəbbüskarlarının məhz erməni liderlərin olduğu açıq-aşkardır. Rusiyalı sülhməramlılarla həmin “lider”lərin fikirlərinin üst-üstə düşməsi də faktdır. Düşüncə beləydi ki, Qarabağdan köçən on minlərlə erməni İrəvana gedəcək, ölkəni qarışdıracaq, Paşinyanın devrilməsinə nail olacaqlar. Paşinyan devriləndən sonra isə Ermənistanı yenidən götürən Rusiya köçkün erməniləri Xankəndiyə və ətraf rayonlara qaytaracaq. Plan beləydi. Amma həm Azərbaycan, həm də Paşinyan bu planı pozdular. Nəticədə ermənilər, tarixdə dəfələrlə olduğu kimi, növbəti avantürist planın qurbanına çevrildilər.
İndi onlar İrəvanda oturub yazırlar: “Çoxumuz Artsaxdan bir daha geri dönməyəcəyimizi bilmədən ayrıldıq. Bütün həyatımızı bir çamadana sığışdırmalı olduq: sənədlər, fotoşəkillər, xatirələr, qiymətli ailə yadigarları…”.
Biz isə 1993-cü ildə heç sənədlərimizi, fotoşəkillərimizi, qiymətli ailə yadigarlarını götürməyə macal tapmadıq.
Aradan 33 il keçib, 500 evlik kəndimizə hələ də gedib çıxa bilməmişik. Çünki orada artıq 1 dik tikili yoxdur, eləcə xarabalıqdır və kəndin hər tərəfi ermənilərin döşədiyi minalarla doludur.
Bu gerçəyi “artsax-artsax” deyə inildəyənlərin statusunun şərh bölümünə yazanda cavab gəlmir. Onlar hələ də öz dərdlərini dəvə boyda bilir, başqalarının faciəsini görməzliyə vururlar.
Acı gerçəklik isə budur: bu müharibəni ermənilər başlatmışdılar, uzun illərdən sonra acı bəhrələrini onlar da daddılar.



