Antonio Quterreş Azərbaycan səfirliyinə raket zərbəsini pislədi

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan səfirliyinin binasının raket zərbəsinə məruz qalmasını pisləyib və diplomatik binaların toxunulmazlığı prinsipini xatırladıb.
Polise.az xəbər verir ki, bu barədə Baş katibin adından yayılan bəyanatda qeyd olunur.
Bəyanatda deyilir: “Bu gün Rusiya Federasiyasının Ukraynanın bir sıra bölgələrinə endirdiyi irimiqyaslı raket və dron zərbələrini kəskin şəkildə pisləyirik. Məlumatlara görə, paytaxt Kiyevdə ən azı altı nəfər və Çornomorsk şəhərində iki nəfər həlak olub.
Hücum nəticəsində mülki şəxslər arasında çoxlu sayda xəsarətlər, yaşayış və enerji infrastrukturuna, habelə Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə ziyan dəydiyi bildirilir. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur.



