Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunur – Keçmiş hərbçilər Lələtəpəni ziyarət edib

Aprel döyüşlərinin başlamasından 10 il ötür.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə İldönümü münasibətilə döyüşlərdə iştirak etmiş bir qrup keçmiş hərbçi Lələtəpə yüksəkliyini ziyarət edib. Ziyarət zamanı şəhidlərin xatirəsi yad olunub, onların qəhrəmanlıqları ehtiramla anılıb.
Qeyd edək ki, Lələtəpə yüksəkliyi Aprel döyüşləri zamanı azad edilən ən mühüm strateji nöqtələrdən biri olub. Bu yüksəklik üzərində nəzarətin bərpa olunması regionda hərbi üstünlüyün təmin edilməsində mühüm rol oynayıb.
Hərbçilər çıxışlarında bildiriblər ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və döyüş ruhunu nümayiş etdirib, sonrakı illərdə əldə olunan uğurların, o cümlədən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin əsasını təşkil edib.
Ziyarət iştirakçıları vurğulayıblar ki, bu cür anım tədbirləri gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.






