ARAZ MUSAYEVİ VURANLAR KİMDİR? – Özü açıqlama verdi (Yenilənib)

“Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular”.
Bunu “Unikal”a açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.
A.Musayev qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: “Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim”.
Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır.
“Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik”, – deyə qeyd edilib.
***
Xəbər verildiyi kimi, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Türkiyədə bıçaqlanıb.
Hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib. Turnirdə Azərbaycandan 14 idmançı iştirak edir və nümayəndə heyətinə Araz Musayevin özü rəhbərlik edir.
“AzPolitika” xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, Araz Musayevə hücumda 4 nəfərin əli var. Bunlardan ikisi hava limanında saxlanılıb. Onların Azərbaycan vətəndaşı olduqları bildirilir. Digər şübhəlilərdən biri Rusiyaya uçmağı bacarıb, dördüncüsü isə hazırda gizlənir. Onun axtarışları davam edir.
Şübhəlilərin Türkiyəyə giriş tarixləri müəyyənləşdirilib və icarəyə götürdükləri avtomobillərə baxış keçirilib. Polis dörd şübhəlinin Türkiyəyə Musayevə hücumu həyata keçirmək üçün getdiyi qənaətinə gəlib.
Hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəmər polisi Araz Musayevi bıçaqlayan iki şübhəlinin taksiyə minərək hadisə yerindən qaçdığını müəyyən edib.
Polise.az