Astanada ŞƏT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçiriləcək
Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin növbəti iclası keçiriləcək.
Polise.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
“Qazaxıstanda 2-3 aprel 2024-cü il tarixlərində ŞƏT-ə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 19-cu iclası keçiriləcək. Tədbirə Qazaxıstan sədrlik edəcək. İran ilk dəfə olaraq ŞƏT-in tamhüquqlu üzvü kimi orada iştirak edəcək”, – o vurğulayıb.
Tədbirin qonağı kimi ŞƏT-in müşahidəçi dövlətləri Monqolustan və Belarus dəvət olunub.
“Bu görüş çərçivəsində ŞƏT-in məsuliyyət zonasında aktual beynəlxalq problemlər, bir sıra məsələlər, o cümlədən terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı birgə mübarizəyə dair fikir mübadiləsinin aparılması planlaşdırılır”, – A.Smadiyarov qeyd edib.
Polise.az