Ata müəmması: Onun himayəçisi kimdir?
Özünü bloger, jurnalist, ictimai nəzarətçi, nə bilim, daha hansısa adlarla cəmiyyətə sırıyan və bunu çox yaxşı da bacaran Ata Abdullayevin ötən gündən saxlanılması xəbəri yayılıb.
Sosial şəbəkələrdə də, mediada da onun həbsi ilə bağlı müzakirələr gedir və demək olar ki, hamı bu “naməlum həbsdən” razılıq edir.
Narazılıq edənlər də var – Ata Abdullayev kimi şəxsin sosial şəbəkədə ciddi və intellektli kəsimin müzakirə predmeti olmasından, ciddi medianın bu xəbəri tirajlamasından… Amma burda narazılıq edəcək bir məsələ yoxdur: kimliyindən, necəliyindən, səviyyəsindən asılı olmayaraq, Ata Abdullayev faktdır.
Məsələ də budur: onun hətta ötən gün erməni mediasının “Azərbaycanda bloger həbs olundu” başlığı ilə manşetlərə daşıyacaq qədər “fakt”a çevrilməsinin səbəbi nədir?
Milanda parlayan “ulduz”?
Ata Abdullayev, əsasən, 2019-cu ilin noyabrında Milanda, Nikol Paşinyanın kilsədə keçirdiyi görüşdə peyda olması və ona verdiyi xəcalət dolu sualla medianın gündəminə gəlmişdi.
Yəqin xatırlayırsınız, məhz 2019-cu il noyabrında azərbaycanlı fəal Bəxtiyar Hacıyevin Paris Sülh Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyanla bir intellekt toqquşması olmuşdu. “Qələm məsələsi”ndən ustalıqla istifadə edən B.Hacıyevin bu söz oyunu xeyli uğurlu idi. Hətta media azərbaycanlı fəalın qısa debatdan uğurlu ayrıldığını bir müddət gündəmdə saxladı.
Aradan heç 10 gün də keçmədi ki, Ata Abdullayev Milanda, kilsədə peyda oldu və Nikol Paşinyana yalvarmaqla Bəxtiyar Hacıyevin “tryuk”unun üstündən xətt çəkdi, azərbaycanlı gənclər haqda yenicə formalaşmağa başlayan yüksək təsəvvürləri quyunun dibinə gömdü.
Ata Abdullayevin İtaliyada, Milanda və Paşinyanın görüşünün keçirildiyi kilsədə “təsadüfən” olması barədə nağıllara yəqin ki, siz də inanmırsınız. Hətta o kilsəyə hansı sənədlə və necə buraxıldığı da müzakirə olunmalıdır. Görəsən, Nikol Paşinyanın mühafizəçiləri Atanın o görüşə düşməsinə necə razı olmuş, hətta sual verməsinə şərait yaratmışdılar? Bu ki beynəlxalq tədbir deyildi; Bu ki Brüsseldə və yaxud Avropa siyasi təşkilatında keçirilən görüş də deyildi. Bu, Nikol Paşinyanın kilsədə ermənilərlə görüşü idi. Ata ora necə və kimin təqdimatı ilə düşmüşdü?
Atanın Milana diplomatik pasportla getdiyi haqda həmin vaxt iddialar da səsləndi. Nə baş verirdi? Kim Ata Abdullayevi ora göndərmişdi? Məqsədi və hədəfi nə idi?
Heç bir rəsmi açıqlama olmadı: doğrudanmı Atanın diplomatik pasportu var, ya yoxdur, Ata Abdullayev doğrudanmı “ictimai polis” görəvini daşıyır, ya yox – bilinmədi.
Bəzilərinin adı hallandı Ata Abdullayevin hamisi rolunda. Qaranlıq heç nə yoxdur, ad çəksək yaxşıdır: məsələn, Prezidentin sabiq köməkçisi Əli Həsənovun, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin…
Yeri gəlmişkən, Əli Həsənov bu olaydan cəmi bir həftə sonra istefaya göndərildi.
Dərhal əlavə edək ki, bu olayla Əli Həsənovun istefası arasında hər hansı əlaqəni istisna edirik. Ümumiyyətlə, Ramiz Mehdiyevin 5 martda keçirilən YAP qurultayından çıxarkən Ata Abdullayevin suallarını cavablandırması və onun fəaliyyətini yüksək qiymətləndirməsi də Ata Abdullayevin onun tərəfindən himayə olunduğu anlamına gəlməz – elə güman edirəm. Hər halda, Əli Həsənov və ya Ramiz Mehdiyevin Ata Abdullayevi, tüklər demiş, “kullanacaq” ağılda olduqlarını düşünmək olduqca çətindir.
Doğrudur, xaricdəki söyüşcüllərdən Ata Abdullayevin mahiyyətcə heç bir fərqi yoxdur və onların bir yerdən idarə olunduğunu düşünmək mümkündür. Ancaq ortada fakt olmadıqca ölkənin uzun müddət siyasi rəhbərliyində olan şəxslərinin bu qədər primitiv düşüncə sahibi olduqlarını iddia etmək məntiqə qətiyyən uyğun deyil.
Ata Abdullayev hər yerdə…
Ata Abdullayev hər yerdədir: icazəsiz toy keçirilən mərasimlərdə, fahişəxanalarda, karantin qaydaları pozulan restoranlarda… Və nə qədər qəribə də olsa, bu çəkilişlərin böyük əksəriyyətində polis müdaxiləsi görünür. Bu qanunsuzluqlara polis basqını nədənsə hər zaman Ata Abdullayevin kamerası və o məşhur kameraarxası nitqləri ilə müşayiət olunur.
Niyə? Polis qanunsuzluqlara müdaxilə edərkən çəkilişə ehtiyac duyursa, əməliyyat çəkilişini özü də aparmaq gücündədir. Bəs, niyə Ata Abdullayev hər dəfə peydə olur?
Səbəbi çoxdur: bəzi hallarda qanunsuzluqlar haqda “102”-yə Ata Abdullayev özü məlumat verir və oturub gözləyir, polis gələrkən onunla birgə içəri girir; bəzən isə ratsiyadan istifadə edir…
Ratsiyadan adətən, agentliklər və TV-lər istifadə edir, operativ olaraq xəbəri almaq və polislə birgə hadisə yerinə çatmaq üçün. Bütün dünyada belədir. O ayrı məsələdir ki, Ata Abdullayevdə bu ratsiya varmı və varsa, onun əlinə necə düşüb?
Ata Abdullayev polisin “ictimai köməkçisi”dirmi, yoxsa cəmiyyətə özünü elə sırımaq istəyir?
Gərək, bu suala aydınlıq gətirilsin. Ümumiyyətlə, onun bir vaxtlar keçirilən mitinqlərdə “polis köməkçisi” rolunda iştirakı da izah olunmalıdır.
Ata Abdullayev və müxalifət
Hesab edirəm ki, Ata Abdullayevin AXCP rəhbəri Əli Kərimli “sevgisi” də təsadüf deyil. Hər zaman adamın qabağına keçmək və qarşı tərəfə hakimiyyəti tənqid etmək üçün fürsət vermək və bunu hər yerdə tirajlamaq kimin ideyasıdır?
Ümumiyyətlə, Ata Abdullayevin Əli Kərimlinin önünə çıxması hər dəfə ikinciyə “zərərçəkən” imici qazandırmağa xidmət edən faktora çevrilir. Bunu düşünərəkmi edirlər?
Və kim edir? Bunda məqsədi nədir? Niyə Əli Kərimlini bütün tədbirlərdə gündəmə “əzabkeş” kimi gətirmək oyunu oynanılır?
Ata Abdullayevin həbs müəmması
Ata Abdullayev saxlanılıb, amma rəsmi açıqlama yoxdur.
Ehtimallar isə bunlardır: bir neçə məmurdan rüşvət tələb etməsi, 2008-ci ildə etdiyi hansısa sənəd saxtalaşdırması və Ramiz Mehdiyevin iddiası…
Ramiz Mehdiyevin iddiası əsasında həbs istisnadır, çünki bir neçə gün öncə R.Mehdiyev Ata Abdullayevə müsahibə verib, onu tərifləmişdi.
“2008-ci ildəki sənəd saxtalaşdırması” ehtimalı da çox şübhəlidir. 13 il niyə gözləyiblər ki?
Bəs, bunun saxlanılmasının səbəbi nədir?
Hüquq-mühafizə orqanlarından indiyə qədər heç biri rəsmi açıqlama verməyib. Bəziləri artıq məhkəmənin qərar da verdiyi, hətta şərti azadlıqdan məhrumetmə cəzası aldığı xəbərini yayıb. Elə olsa, Ata indi mütləq sosial şəbəkələrdə olardı.
Bəs nə baş verir və ümumiyyətlə, Ata Abdullayevin saxlanılması ilə bağlı məlumatsızlığın səbəbi nədir?
Bu şəxsin hələ 20 il öncə Heydər Əliyevlə görüşünü təşkil edən və Ümummilli liderlə fotosunun çəkilməsinə səbəb olan şəxs kimdir?
Ata Abdullayev kimi birindən illərdir kimlər istifadə edir və niyə?
Onun arxasında kimlər durur ki, iki gündür həbs xəbəri yayılmasına baxmayaraq, rəsmi açıqlama bu qədər gecikdirilir?
Kimlərdir bu hamilər? Onlar neçənci kolonun neçənci təkərləridir?
Bu sualların böyük əksəriyyətinin cavabları hamıda var – ancaq üzə çıxsa yaxşıdır.
Ata Abdullayev görünən kloundur, bəs, sirkin sahibi, tamaşanın rejissoru, sponsoru kimdir?