“Atan ruslardır!”-Rusiyadakı son hadisələrlə bağlı tamaşa hazırlanır-ÖZƏL+AÇIQLAMA

“Azərbaycanla Rusiya arasında son olaylara bir incəsənət adamı kimi biganə qala bilmədim. Beynimdən ilk keçən Cəfər Cabbarlının “1905-ci ildə” pyesi oldu. Cəfər Cabbarlı çox gənc yaşlarında bu pyesi qələmə alıb. Mən düşünürəm ki, elə bir azərbaycanlı yoxdur ki, o pyesi oxumasın, bilməsin. Pyesi bir az fərqli gözlə oxumağa başladım. O qədər peşəkarcasına yazılmış, işlənmiş pyesdir ki, təxminən üstündən 100-120 il keçib, amma dahi Cəfər Cabbarlı sanki 120 il sonranı görüb yazıb. İstər Cəlil Məmmədquluzadənin, istərsə də Cəfər Cabbarlı və o dövrdə yaşayıb yaratmış ədiblərimizin pyeslərində o qədər üst-üstə düşən, birə-bir əsərlər var ki, adam sadəcə məhtəl qalır”
Bunu Moderator.az -a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan deyib. O daha sonra əlavə edib ki, bu əsərin mötivləri əsasında yeni tamaşa hazırlayır:
“Mənim yanaşmam bir az fərqli olacaq. “1905-ci ildə” əsərinin motivləri əsasında “Atan ruslardır” tamaşasının üzərində işləyirəm. Bununla paralel olaraq Aqil Həsənoğlunun çox gözəl bir “Qara sandıq” adlı pyesi var. 20 il əvvəl teatrımız bu əsərə müraciət edib. Burada Azərbaycan neftinə uzanan əllər, neftimizin Azərbaycanın başına açdığı bəla, turançılıq ideyası və başqa mövzular cəmlənir. Yeni mövsümdə paralel olaraq bu əsəri də hazırlayacam” deyə o bildirib.
İntiqam Soltan daha sonra azyaşlı tamaşaçılardan danışıb:
“Bəlkə də çox adam vəziyyətin nə dərəcədə acınacaqlı olduğu haqda məlumatsızdır. Biz bağçalarda tamaşalar oynayırıq. İnanın, çox böyük faizlə rusdilli bağçalar və uşaqlar üstünlük təşkil edir. Azərbaycan dilində uşaqlar heç nə başa düşmür. Bu biyabırçılıq deyil, fəlakətdir. Bu bir millətin, ölkənin, xalqın öz dilini unutmaq deyil, bəs nədir? Bu ideyanı da ortaya atan kimdir? Əlbəttə ki, ruslardır. Tamaşada, əsərdə söhbət erməni-azərbaycanlı arasındakı müharibəni qızışdıran, güllə atan ruslardan getmir. Ümumiyyətlə ölkə daxilində bir çox problemləri, fikir və ideyaları ortaya atıb, parçalanma salan ruslardan gedir” deyə o bildirib.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button