Atatürklə Azərbaycan səfiri Əbilovun yazışmaları: “Azəri türklərinin dərdi öz dərdimiz…”

1920-ci ilin avqust ayı.

Türkiyə Böyük Millət Məclisi bir neçə aydır fəaliyyət göstərir, ingilis işğalına qarşı milli mücadilə hərəkatı davam edir.

Rusiyada isə bolşeviklər hakimiyyəti ələ alıb, Mustafa Kamal paşanın qələbəsində maraqlıdırlar. Ona görə də həm birbaşa mərkəzin özünün, həm də yenicə işğal etdikləri Azərbaycanın təmsilçiliyinin olması işlərinə yarayırdı. Diplomatik əlaqələr sürətləndi, nəticədə avqust ayında Memduh Şevket Esendal Azərbaycan İctimai Şuralar Cümhuriyyətinə səfir təyin edildi.

Bir il sonra isə keçmiş Azərbaycan Parlamentinin üzvü olmuş İbrahim Əbilov Ankaraya səfir olaraq seçildi. Bakıdan hərəkət edən səfir 9 sentyabrda Tiflisə, bir gün sonra isə Batuma çatdı.

Əbilov elə bir vaxtda göndərildi ki, milli mücadilənin ən qızğın çağı idi, səfir Batuma çatınca Sakarya döyüşündə türklərin qalib gəldiyi xəbərini eşidir. Elə Batumda ikən Mustafa Kamal paşaya təbrik teleqramı göndərir:

“Cəsur Anadolu igidlərinin qəhrəmancasına endirdikləri son müdhiş zərbənin türk millətinin qurtuluşu üçün son qalibiyyət olduğu qənaətindəyəm. Türkiyənin bəşəriyyət düşməni Antantanın köləsi Yunanıstana vurduğu müdhiş zərbə məzlum Şərqin imperialist və cəllad Qərbə qarşı qazandığı qələbəsi deməkdir”.

Cəbhədən Ankaraya qayıdan Mustafa Kamal paşa 27 sentyabr 1921-ci ildə bu teleqrama cavab yazır: “Sakarya müzəffəriyyəti münasibətilə Türkiyə Böyük Millət Məclisi orduları və şəxsim haqqında göstərilən səmimi təbrikə təşəkkürümü ərz eyləyirəm. Ana torpaqları ilə bərabər məzlum Şərq millətlərinin həyat haqqını və müstəqilliyini müdafiə uğrunda girişdiyimiz bu böyük mücadilənin yaxın vədə zərfində haqq və ədalətin müqəddəs zəfərləriylə nəticələnməsi haqqındakı qənaətinizə səmimiyyətlə qatılır və bu vəsiləylə ehtiramımı təqdim eyləyirəm”.

Sentyabrın 22-də Əbilov artıq Trabzonda idi. Türkiyə torpaqlarına qədəm basmışdı. Bu vəsilə ilə Mustafa Kamal paşaya növbəti teleqramını göndərir: “Müqəddəs Türkiyə torpağına ayaq basdığımız və gərəksə qəhrəman türk ordusunun son müzəffəriyyəti hasəbiylə zati-alilərini təbrik ilə müqəddəs qayəyə bir an öncə vasıl olunmasını cənabi-haqdan təmənni və niyaz eylərəm, Paşa həzrətləri”.

Daha əvvəlki teleqramla eyni gündə Mustafa Kamal paşa bu teleqrama da cavab verir:

“Anadolu və Rumeli türklərinə bunca bağlar ilə bağlı olan qardaş Azərbaycan milləti təmsilçisi sifətiylə məmləkətimizə yüksək təşriflərindən dolayı xoş gəldiniz deyir və bu vəsiləylə ehtiramımı ərz edirəm, əfəndim”.

Nəhayət, İbrahim Əbilov 12 oktyabr 1921-ci ildə 25 nəfərlik heyətlə Ankaraya çatır. İki gün sonra Çankaya köşkündə etimadnaməsini Mustafa Kamal paşaya təqdim edir. Qarşılıqlı nitqlər söylənilir. Həmin görüşdə bu gün bir qədər fərqli və qısa şəkildə işlədilən həmin məşhur cümlə səsləndirilir: “Azəri türklərinin dərdləri kəndi dərdlərimiz və sevincləri kəndi sevinclərimiz olduğu üçün onların muradlarına nail olmaları azad və müstəqil olaraq yaşamaları bizi pək ziyadə sevindirir”.

Beləliklə, Azərbaycan türkləri 19 may 1919-cu ildə Mustafa Kamal paşanın başlatdığı milli mücadilə hərəkatında Türkiyənin yanında olub, azərbaycanlı zabitlər döyüşlərdə iştirak edib, Əhməd bəy Ağaoğlunun timsalında bölgələrdə təbliğat da aparılıb.

19 may ruhunun Türkiyə başda olmaqla bütün türk dövlətlərində əbədi yaşaması diləyiylə.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button