Avropa Rusiya qazını nəylə əvəz edəcək? – Ekspertlər mümkün yolları göstərir
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropanın bu ölkədən neft və qaz almağı dayandırması məsələsi gündəmə gətirilməkdədir. Bir çox anailitik mərkəzlər bu ehtimalın yüksək olduğu qənaətindədirlər.
Azərbaycanda da bu mövzu ekspertlər tərəfindən ciddi şəkildə müzakirə olunur. İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropanın enerji təchizatında köklü dəyişiklər yaradacağını proqnozlaşdırmaq olar: “Xam neftlə bağlı problem ciddi deyil – Rusiyanın qlobal təchizatda cəmi 10 faiz payı var. İranın bazara qaytarılması, digər iri istehsalçıların istehsalını artırmaqla Rusiya hesabına yaranan boşluğu aradan qaldırmaq o qədər də çətin görünmür.
Qısamüddətli dövrdə əsas problem Avropanın qaz təchizatı ilə bağlı ola bilər. Avropa bazarına Rusiya ildə orta hesabla 160-170 milyard kubmetr təbii qaz göndərir – Avropanın bütün istehlakının təxminən üçdə biri qədər. Amma hətta bu münaqişəyə qədər də Avropanın qaz təchizatının strukturunda dəyişiklik baş verməyə başlayıb. Belə ki, 2010-2020-ci illərdə Avropanın qaz idaxalında sıxılmış (LNG) qazın xüsusi çəkisi 27 faizdən 35 faizə yüksəlib.
Həmin dövrdə ABŞ-ın Avropaya qaz ixracatında ciddi irəliləyiş olub. ABŞ 10 il əzrində özünün qaz idxalını 35 faiz azaltmaqla çox kiçik bir rəqəmə endirə bilib. Amma əvəzində qaz ixracını 4,5 dəfə artırıb. LNG ixracını 50 dəfədən çox artıraraq 65 milyard kubmetrə qədər yüksəldib. Hazırda Avropanın LNG idaxlında 40 faiz payla ABŞ liderdir. Bu dövrdə Rusiyanın qlobal qaz təchizatının həcmi isə demək olar ki, dəyişməyib – təxminən 220 milyard kubmetr”.

Rövşən Ağayev
Ekspert bildirir ki, Avropanın Rusiyanın qaz asılılığından tam qurtarması üçün təxminən 120 milyon ton LNG tələb olunur: “Hazırda 5 aparıcı LNG ixracatçısının (Avstarliya, Qətər, Əlcəzair, ABŞ və Malayziya) ümumi ixracı 300 milyon ton LNG təşkil edir. Orta dövrdə bu ölkələrin əsas ixrac bazarına çevrilməklə Avropanın Rusiyanın enerji hökmranlığından qurtarması real görünür. SWIFT-dən qopartmaqla daxil Rusiyaya qoyulan maliyyə və iqtisadi sanksiyalar da öz təsirini göstərəcək. Amma Rusiyanın aqressivliyini yalnız onun enerji asılılığına son vermək durduracaq.
Müasir elmi-texnoloji transormasiyada heç bir rolu olmayan bu qoca imperiya hamını nefti-qazı ilə şantaj edir. Ona görə keçmiş rəhbəri Medvedyev dünən Avropaya gözdağı olmaq üçün “2000 dollarlıq qaza xoş gəldiniz” yazmışdı”.
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə Avropanın LNG hesabına Rusiyanın qaz asılılığından qurtarmasını yaxınmüddətli dövrdə mümkün saymır: “Praktikaya baxaq: 170 mlrd m3 qazı şirkətlər və hasilatçı dövlətlər artırmır, qlobal bazarda bir marketdən o biri marketə yönəldir. Hansı ki, o özü də çox problemlidir, çünki maye qazı İndoneziya, Qətər, Əlcəzair adətən uzunmüddətli müqavilələr üzrə satırlar. Məsələn, ötən il Qətər Pakistanla 5 illik müqavilə imzalayıb, qazın daşıyıcısı isə SOCAR Trading-dir. Rusiya da Pakistana LNG-ni uzunmüddətli müqavilə ilə satır. Yəni tutaq ki, nəzəri baxımdan bunu həll etdilər: onda Şərqdə 170 milyard kubmetrlik bir defisit yaranacaq. Və orada qazın qiyməti 2-3 dəfə Avropadan baha olacaq. Amerika Avropada 2021-ci ildə cəmi 12 milyon ton LNG satıb.. Vaşinqton belə disbalans şəraitində şirkətlərə əmr edə bilərmi ki, Siz Çin və Yaponiyada, Cənubi Koreyada deyil, Avropada qaz satın. Deyəcəklər YES, amma – bizim BAZARDA qazana bilmədiyimizi kompensasiya et”.
Ekspertin sözlərinə görə, 2015-2016-cı illərdə, neft kəskin ucuzlaşanda LNG biznesinə qlobal bazarda maraq artdı: “Böyük kapital qoyuldu LNG terminalların, tankerlərin və reqasifikasiya qurğularının tikintisinə – yəni infrastruktura, o cümlədən Rusiya. Çünki enerjidaşıyıcılarının aşağı qiymətində əvvəlki dəyəri 5 milyard dollar olan terminal 2 milyarda qədər ucuzlaşmışdı. 4-5 ilə bu layihələrin 95 faizi işə salınıb artıq. Yəni LNG bazarında əldə nə var odur. Yeni ARTIM üçün yeni KAPİTAL axını gərəkdir. Artıq layihələr isə bahalaşıb- çünki həm neft bahadır, həm də postCOVİD dövrünün inflyasiyası hər şeyin qiymətini kəllə-çarxa çatdırıb. Əgər bu məsələlər də həllini tapsa, onda yeni yataqların işlənməsi, yeni infrastrukturlatın işə salınması və yeni logistika zəncirinin yaradırılması hesabına Avropanın Rusiyadan asılı olmadan qaz təhcizatını həyata keçirmək üçün qərar qəbyl ediləndən, vəsait ayrılandan sonra minimum 5-6 il, realda isə 7-8 il gərgin əmək sərfiyyatı tələb olunur”.



