“Axios”: Tramp administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün yeni plan üzərində iş aparır

Tramp administrasiyası Ukraynadakı müharibəyə son qoymaq məqsədilə yeni bir plan hazırlamaq üçün Rusiya ilə gizli şəkildə məsləhətləşmələr aparır.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “Axios” Rusiya və ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, 28 bəndlik ABŞ planı Prezident Trampın Qəzzada razılaşma üçün uğurlu səylərindən sonra ərsəyə gəlib. Plan dörd əsas hissəyə bölünür və bunlar Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri bölmələridir.
ABŞ rəsmisinin bildirdiyinə əsasən, Donald Trampın xüsusi elçisi Stiv Uitkoff planın hazırlanmasına rəhbərlik edir və bunu Rusiya elçisi Kirill Dmitriyevlə geniş müzakirə edib.
Daha əvvəl Kirill Dmitriyev “Axios”a verdiyi müsahibədə 24-26 oktyabr tarixlərində Mayamiyə səfər edərkən Uitkoff və Trampın komandasının digər üzvləri ilə üç gün görüşdüyünü deyib.
Ukrayna rəsmisi “Axios”a təsdiqləyib ki, Uitkoff həftənin əvvəlində Mayamidə keçirilən görüşdə Zelenskinin milli təhlükəsizlik müşaviri Rüstəm Umerovla planı müzakirə edib.
“Biz bilirik ki, amerikalılar nəsə üzərində işləyirlər”,- deyə mənbə qeyd edir.
Polise.az



