Aygün Əliyeva: Türk dövlətlərinin əməkdaşlığı ən yüksək mərhələdədir

Türk dövlətləri arasında bu gün mövcud olan sıx əlaqələr ölkə liderlərinin şəxsi münasibətləri, qarşılıqlı etimadı və siyasi iradəsi sayəsində ən yüksək mərhələyə yüksəlib.
Polise.az xəbər verir ki, bunu Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda bildirib.
Onun sözlərinə görə, ortaq tarix, dəyərlər və hədəflər türk dövlətlərini yalnız birləşdirmir, həm də daha da gücləndirir:
“Füzulidə Fiziki-Uluqbəy Məktəbi, Ağdamda Ayköl-Manas Məktəbi kimi layihələr yetişən nəslin təkcə təhsil məkanı deyil, həm də türk xalqlarının bir-birinə olan dostluğunu və etimadını əks etdirir. Bu təşəbbüslər yalnız dövlətlərin siyasi iradəsinə deyil, həm də xalqların və vətəndaş cəmiyyətlərinin qarşılıqlı münasibətinə əsaslanır”.
A. Əliyeva qeyd edib ki, Azərbaycan QHT-ləri Türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində analoji qurumlarla işbirliyinə xüsusi önəm verir:
“Artıq Azərbaycan Türkiyənin Vətəndaş Cəmiyyəti və Dəstəklər İdarəsi, Özbəkistanın Milli Assosiasiyası, Parlament Komissiyası və “Yüksəliş” Fondu ilə əməkdaşlıq mexanizmlərini formalaşdırıb”.
O bildirib ki, bu gün həmçinin Azərbaycan–Qazaxıstan qeyri-hökumət təşkilatlarının ilk forumu keçiriləcək:
“Əminəm ki, qarşılıqlı təşəbbüslər davamlı olarsa, eyni ailənin üzvü olan digər türk dövlətlərinin – Qırğızıstan, Türkmənistan, Macarıstan və digərlərinin – QHT-ləri ilə əməkdaşlıq üzrə yeni istiqamətlər tezliklə formalaşacaq. Forum çərçivəsində keçirilən panellər və fikir mübadilələri iştirakçılara yeni ideyalar, layihələr və beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.
Aygün Əliyeva əlavə edib ki, “türk” sözü yalnız ortaq keçmişi ifadə etmir, həm də bu gün birləşdirən dəyərlərin və qurulan gələcəyin rəmzidir.
Polise.az



