Ayxan Hacızadədən kanadalı nazirə cavab: Qərəz ağlı qaranlıqlaşdırır

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Jolini qondarma erməni soyqırımı və Qarabağı könüllü tərk etmiş ermənilərlər bağlı fikirlərinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, A.Hacızadə sosial şəbəkə hesabındakı paylaşımında kanadalı nazirin qərəzli olduğunu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyini bildirib.
O, Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib.
“Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə Kanada Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etmək, xarici işlər naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur”, – Hacızadə bildirib.
Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə, Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb.
“Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş bir milyondan çox azərbaycanlının əzablarını tanımamısınız”, – o vurğulayıb.
Hacızadə həmçinin bir aforizmə istinad edib: “Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır. Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox”.
Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən, XİN nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub:
“Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi. Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub”.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli qondarma erməni soyqırımı ilə bağlı sosial şəbəkədə erməni dilində etdiyi paylaşımda tarixi faktları təhrif edərək 1915-ci ildə 1,5 milyondan çox erməninin öldürüldüyünü yazıb.
O, qərəzli yanaşmasını davam etdirərək Qarabağı könüllü tərk etmiş ermənilər haqqında “biz 2023-cü ildə öz torpaqlarından zorla didərgin salınmış 120 min Dağlıq Qarabağ ermənisinin dərin müqavimətini tanıyırıq” ifadəsini işlədib.
Polise.az