Azərbaycan Ankarada Beynəlxalq Çay Festivalında təmsil olundu – FOTO

Ankarada “Asiya və Sakit Okeanına çay səyahəti” adlı Beynəlxalq Çay Festivalı – mədəniyyət tədbirində Azərbaycan da təmsil olunub.
Teleqraf xəbər verir ki, Türkiyədəki Səudiyyə Ərəbistan səfirliyinin təşkilatçılığı, diplomatik nümayəndəliyin iqamətgahında keçirilən mədəniyyət toplantısı Asiya və Sakit okean regionundan 21 ölkəsi iştirak edib.
Müxtəlif ölkələrin yerli çay və yeməklərinin təqdim olunduğu tədbirdə Türkiyə Xarici İşlər Nazirinin müavini Zeki Levent Gümrükçü, diplomatik missiyaların nümayəndələri, yüksək səviyyəli rəsmilər və qonaqlar iştirak ediblər.
“Asiya və Sakit Okeanına çay səyahəti” adlı Beynəlxalq Çay Mədəniyyəti Festivalında ölkəmizi Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil ediblər.
Beynəlxalq Mədəniyyət Festivalında Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan, Küveyt, Pakistan, Qazaxıstan, Türkmənistan, Avstraliya, Qırğızıstan, Cənubi Koreya, Hindistan, Şri-Lanka, Kamboca, İran, Livan, Tailand kimi ölkələr öz çay mədəniyyətlərini təqdim ediblər.
Ölkələr öz milli mədəniyyətlərini və mətbəxlərini təqdim edən stendlər açıblar. Festival zamanı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendini təşkil edib
Sərgidə milli mədəniyyətimizə aid çay dəstgahı, Azərbaycan çayı, milli şirniyyatlar, şəkərbura və paxlava, mürəbbələr, milli mətbəximizdən nümunələr, habelə Azərbaycan milli suvenirləri, milli geyimli kuklalar, kəlağayılarımız, xalçalarımız nümayiş etdirilib.
Digər ölkələrin stendlərində öz ölkələrinin mədəniyyətinə aid nümunələr, çay, mətbəx mədəniyyəti, habelə suvenirlər nümayiş etdirilib.
Protokol çıxışlarından sonra ölkələri təmsil edən musiqi və rəqs qruplarının çıxışı olub.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı çay rəqsi və digər milli rəqslərimizi ifa edib, xalq rəqslərimizin nümayişi alqışlarla qarşılanıb.
Polise.az