Azərbaycan-Bəhreyn münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 11-də Bəhreyn Krallığında səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Polise.az -a bildiriblər ki, Y.Rəfiyev səfər çərçivəsində Bəhreyn xarici işlər nazirinin diplomatik məsələlər üzrə müavini şeyx Abdullah bin Əhməd Al Xəlifə ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Bəhreyn münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər iki dost ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və əməkdaşlığın digər sahələrdə də inkişafında maraqlı olduqlarını vurğulayıblar.
Söhbət zamanı Azərbaycan ilə Bəhreyn arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub, müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər iqtisadi-ticarət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib, yaxın vaxtlarda iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılığa gəliblər. Görüşdə Azərbaycan ilə Bəhreyn arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin ev sahibliyi ilə cari il noyabrın 17-19-da keçirilən 19-cu Regional Təhlükəsizlik Sammiti – Manama Dialoqu 2023-ün nəticələri haqqında azərbaycanlı həmkarını məlumatlandırıb.
Görüşdə, həmçinin tərəflər arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Polise.az