Azərbaycan dilinin Türkiyədə təbliğatı üçün ortaq layihələr həyata keçirilir

Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə ana dilimizin, klassik irsimizin təbliği ilə bağlı tədbirlər və layihələr həyata keçirəcək.
Bu haqda Teleqraf-a Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, ana dilimizin, ədəbiyyatımızın qardaş ölkədə təbliği məqsədi ilə Türkiyənin aparıcı qurumları, universitetləri, mərkəzləri ilə ortaq layihələr həyata keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Dil Qurumu arasında birgə əməkdaşlığa dair yol xəritəsinin hazırlanmasını razılaşdırılıb. Tərəflər Azərbaycan dilinin, ədəbiyyatının Türkiyədə təbliği, klassik irsimizin Türkiyə Türkcəsinə tərcüməsi, nəşri, bu mövzuda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunan kitablarının daha geniş təbliği və yayılması məqsədi ilə birgə iş aparılması, Türkiyənin Universitetlərində Azərbaycan poeziyasına aid birgə şeir, poeziya gecələrinin təşkili, Azərbaycan dilinin tədrisi məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin Ankarada yaratdığı Azərbaycan dili kurslarının fəaliyyətinin təkmilləşdirilməsi, kurslara akademik dəstək, dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai irsinin tanıdılması, Azərbaycan və Türkiyəli Nizamişünas alimlərin iştirakı ilə il ərzində birgə Simpoziumun təşkili və digər layihələrin həyata keçirilməsinə dair birgə iş aparacaqlar.
Bununla əlaqədar, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Dil Kurumunun rəhbəri Osman Mert arasında görüş keçirilib, gələcəkdə ortaq dəyərlərimiz, ana dili və ədəbiyyatımıza dair qalıcı layihələrin həyata keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumuna bağlı Türk Dil Qurumunun zəngin kitabxanası fəaliyyət göstərir ki, sözügedən kitabxanaya Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycana dair zəngin kitab kolleksiyası da hədiyyə olunacaqdır.
Osman Mertə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə orjinaldan Türkiyə Türkcəsinə tərcümə olunmuş Nizami Gəncəvinin “Xəmsə”sinə aid əsərləri hədiyyə olunub.