“Azərbaycan–Ermənistan sülhünə görə Trampa təşəkkür edin” – amerikalı ekspert TRIPP-in böyük geosiyasi planını açıqladı

ABŞ və İsrailin təhlükəsizlik siyasəti üzrə tanınmış ekspert, İsrail Strateji Araşdırmalar İnstitutunun təsisçisi doktor Martin Şerman Azərbaycan–Ermənistan sülh prosesinin arxasında dayanan böyük geosiyasi planı açıqlayıb. Ekspert hesab edir ki, bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi qeyd etmək lazımdır. Onun fikrincə, TRIPP layihəsi həyata keçirilərsə, Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsi dəyişə, Rusiya ilə İranın bölgədəki təsiri isə ciddi şəkildə zəifləyə bilər.
Musavat.com xəbər verir ki, Martin Şerman “Newsmax” nəşrində dərc olunan məqaləsində Azərbaycan və Ermənistan arasında formalaşan yeni münasibətləri, Trampın sülh prosesindəki rolunu və TRIPP layihəsinin mümkün nəticələrini təhlil edib.
Müəllif yazır ki, ABŞ–İran qarşıdurmasının dünya gündəminin əsas mövzularından birinə çevrildiyi bir vaxtda Vaşinqtonun Cənubi Qafqazla bağlı strateji maraqları diqqətdən kənarda qalmamalıdır. Azərbaycan, Ermənistan və Gürcüstanın yerləşdiyi bu region Rusiya və Çinin təsir imkanlarının məhdudlaşdırılması baxımından ABŞ üçün mühüm əhəmiyyət daşıyır.
Şermanın fikrincə, son illər Ermənistanın Rusiya ilə münasibətlərində ciddi dəyişiklik baş verib. Azərbaycanın 2023-cü ildə Qarabağda suverenliyini tam bərpa etməsi və Rusiyanın Ermənistan rəhbərliyinin gözləntilərini doğrultmaması İrəvanın Qərbə doğru siyasi dönüşünü sürətləndirib.
Bu şəraitdə Ermənistanın Azərbaycanla uzun illər davam edən qarşıdurmaya son qoymağa daha çox meyl göstərməsi ABŞ-ın prosesə fəal qoşulması üçün əlverişli imkan yaradıb.

Müəllif 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşə xüsusi diqqət ayırıb. Şerman bu görüşü Azərbaycan–Ermənistan münasibətlərinin gələcəyi baxımından tarixi hadisə adlandırıb.
Ekspert hesab edir ki, Donald Trampın prosesdə şəxsən iştirakı sülh istiqamətində irəliləyişə ciddi təsir göstərib. Onun fikrincə, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında Trampın rolunu etiraf etmək və buna görə ona təşəkkür etmək lazımdır.
Məqalədə TRIPP layihəsinə də geniş yer ayrılıb. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılan bu layihə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması demək deyil.
Şermanın qənaətinə görə, marşrutun açılması Mərkəzi Asiyanı Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Avropaya bağlayan yeni Şərq–Qərb xəttinin formalaşmasına imkan verə bilər.
Bu səbəbdən TRIPP-in əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Layihə enerji, ticarət, logistika, infrastruktur və texnologiya sahələrində yeni imkanlar yarada bilər. Eyni zamanda Cənubi Qafqazın geosiyasi və iqtisadi çəkisi əhəmiyyətli dərəcədə arta bilər.
Şerman qeyd edir ki, yeni bağlantının yaradılması Rusiya və İranın regiondakı ənənəvi təsir imkanlarını zəiflədə bilər. Müəllif Moskva və Tehranın layihəyə qarşı çıxmasının əsas səbəblərindən birini də məhz bununla əlaqələndirir.
Ekspert TRIPP-i ABŞ-ın Avrasiyanın mərkəzinə çıxış imkanlarını genişləndirən strateji təşəbbüs kimi təqdim edir. Onun fikrincə, bu marşrut region dövlətlərinin daha müstəqil siyasət yürütmək imkanlarını da gücləndirəcək.

Məqalədə TRIPP layihəsinə Ermənistan daxilində göstərilən müqavimətdən də bəhs olunur. Müəllif bəzi siyasi qüvvələrin və Erməni Apostol Kilsəsinin layihənin Ermənistanın suverenliyinə təhlükə yaratdığı barədə iddialarını xatırladır.
Şerman isə diqqətə çatdırır ki, TRIPP razılaşmasında Ermənistanın layihənin həyata keçiriləcəyi ərazilər üzərində suverenliyinin, ərazi bütövlüyünün və yurisdiksiyasının qorunması açıq şəkildə təsbit edilir.
Yazının digər hissəsində layihəyə qarşı çıxan xarici şəxslərin fəaliyyəti təhlil olunur. Şerman Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Ocampo və hüquqşünas Robert Amsterdamın mövqelərinə xüsusi diqqət yetirir. Müəllif onların fəaliyyətini Ermənistan daxilində gedən siyasi proseslər və Azərbaycan–Ermənistan yaxınlaşmasına münasibət kontekstində qiymətləndirir.
Şerman məqaləsində İsrail amilinə də ayrıca toxunub. Onun fikrincə, TRIPP-in reallaşması Azərbaycanın regional mövqelərini gücləndirəcək, İranın bölgədəki təsir imkanlarını məhdudlaşdıracaq və ABŞ-ın Cənubi Qafqazdakı rolunu artıracaq. Ekspert hesab edir ki, belə bir dəyişiklik İsrailin strateji maraqlarına da uyğundur.
Nəticədə Şerman Azərbaycan və Ermənistan arasında formalaşan sülh prosesini daha geniş geosiyasi dəyişikliklərin bir hissəsi kimi təqdim edir. Onun qənaətinə görə, TRIPP layihəsi reallaşarsa, Cənubi Qafqaz yalnız münaqişə və qarşıdurma bölgəsi kimi deyil, Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat, enerji, ticarət və logistika mərkəzi kimi tanına bilər.
Bu baxımdan 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən üçtərəfli görüş və onun ardınca yaranan yeni regional gündəm Azərbaycan–Ermənistan münasibətlərində sülh mərhələsinə keçidin əsas siyasi dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.
Cavanşir Abbaslı
Musavat.com



