Azərbaycan Ermənistanın hava məkanından istifadə edir? – AZAL-dan açıqlama
“Turkish Airlines” aviaşirkətinin Naxçıvan-Gəncə istiqaməti üzrə reysi Ermənistanın hava məkanı vasitəsilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilmiş və uzun müddət ərzində istifadə olunan hava yolu ilə həyata keçirilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.
Qeyd edilir ki, Azərbaycanın hava məkanı vasitəsilə də xarici aviaşirkətlər tərəfindən Ermənistan hava limanlarına / limanlarından ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava yolları ilə uçuşlar həyata keçirilir.
“Yəni Azərbaycanın hava məkanı vasitəsilə Ermənistanın hava limanlarına uçuşlar icra etmək üçün kommersiya aviasiyasının uçuşlarına məhdudiyyət yoxdur”, – AZAL-dan bildirilib.
Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münaqişə səbəbindən və qarşılıqlı maliyyə hesabatının mövcud olmaması ilə əlaqədar AZAL aviaşirkəti Ermənistanın hava məkanından keçən beynəlxalq hava yolları ilə uçuşlar yerinə yetirmir.
Xatırladaq ki, “Flight Radar” resursunun məlumatına görə, 4 sentyabr tarixində “Turkish Airlines”a məxsus sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Gəncədən Naxçıvana uçuş yerinə yetirib.